Xəzər Xəbər

Ermənistan ordusunun keçirdiyi təlimlər xalqı aldatmaq üçündür - General

Gündəm | 16:25 • 4 Dekabr 2017
Ermənistan ordusunun keçirdiyi təlimlər xalqı aldatmaq üçündür -

Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə qondarma Artsaxla "birgə” keçirdiyi təlimlər sadəcə öz xalqını aldatmaq üçündür.


Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "Dağlıq Qarabağ respublikası” ilə "birgə” keçirdiyi təlimlərə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AZƏRTAC-a bildirib ki, ermənilər həmişə olduğu kimi, yenə də qanunsuz hərəkət edirlər.


Y.Aydəmirov deyib: "Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisində necə təlim keçirə bilər? Bu ordunun Azərbaycan ərazisində nə işi var? Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən qondarma "Dağlıq Qarabağ ordusu” qanunsuzdur. Beş-altı tankı kor-koranə ora-bura hərəkət etdirməklə, 1-2 taboru yerindən tərpətməklə "irimiqyaslı təlim” keçirmək olmaz. Buna hər bir hərbçi də, vətəndaş da baxanda bilir ki, orada irimiqyaslı təlimlərdən söhbət gedə bilməz. Sadəcə istəyirlər ki, bizim hərbçilər yenə onlara reaksiya versinlər. Amma bu elə bir irimiqyaslı təlim deyil ki, ona reaksiya verək. Bu, yalnız öz xalqını aldatmaq üçün ermənilərin növbəti şousudur. Onlar öz ordularında korrupsiyanı bir az da inkişaf etdirmək, vəsait silmək üçün belə gülünc təlim təşkil ediblər”.


"Təlimlərdə” iriçaplı pulemyotlardan, top, artilleriya, raket sistemlərindən, zirehli texnikalardan, özüyeriyən artilleriya sistemlərindən istifadə edilmədiyini, atışların aparılmadığını xüsusi vurğulayan hərbi eskpert bildirib: "Bütün bunlar xeyli vəsait tələb edir. Bunlarsız irimiqyaslı təlim keçirmək olmaz. Bu, sadəcə gözə kül üfürməkdir. Bunların hamısı cəfəngiyyatdır, kiçik məşqdir. Ona görə də ermənilər bunu şişirtməyə cəhd edirlər. Döyüş texnikasının, təlimə cəlb olunan şəxsi heyətin sayı göstərir ki, bu, irimiqyaslı təlim deyil. Çünki onlarda nə o qədər vəsait, nə şəxsi heyət, nə də texnika var. Texnikanın da istifadə edilməsi üçün Ermənistan ordusunda maddi-texniki təminat məsələlərində də ciddi problemlər mövcuddur” - deyə Y.Aydəmirov qeyd edib.

Xəbər lenti