Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun
Zirə qəsəbəsində "BAKU AGROPARK”da görülən işlərlə tanış olub.
XəzərXəbər xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd
Qurbanov dövlətimizin başçısına Aqropark barədə məlumat verdilər.
Bildirildi ki, "BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin
ümumi layihə dəyəri 68 milyon manata yaxındır. İkinci mərhələdə daha 10
hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın
tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə
şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq.
Qeyd
edək ki, hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə
olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463
hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan
istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz
məhsulları yığılıb. İstehsal olunan məhsullar əsasən ixrac edilir.
Görülən işlərin nəticəsidir ki, bu ilin 10 ayı ərzində tərəvəz ixracı
ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz artıb. Bu artım 259,7
min ton və ya 184,2 milyon dollar təşkil edib. Son illərdə regionlarda
və Bakı
şəhərinin qəsəbələrində 312 hektar sahədə ümumi dəyəri 400 milyon manat
olan 58 müasir istixana kompleksinin yaradılmasına İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 milyon manat
güzəştli kredit verilib.
Diqqətə
çatdırıldı ki, "BAKU AGROPARK”ın birinci mərhələsində 10 hektar sahədə
illik istehsal gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi
yaradılıb. Birinci mərhələdə layihə üzrə infrastrukturun yaradılmasına
21,7 milyon manat investisiya
qoyulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu
tərəfindən isə bu mərhələ üzrə 10 milyon manat güzəştli kredit ayrılıb.
Dördüncü
nəslə aid istixana kompleksi Niderland texnologiyasından istifadə
olunmaqla qurulub. Kompleksin texniki zonasında su, gübrə çənləri
qoyulub, qazanxana və sutəmizləmə sistemi quraşdırılıb. İstixananın
suvarılmasını təmin etmək üçün 21 min kubmetr tutumu olan su hövzəsi
yaradılıb. İstixanada yüksək keyfiyyət göstəricilərinə malik olan
ekoloji təmiz məhsullar istehsal edilir. Daha bir üstün cəhət isə
istehsal prosesinin tam avtomatlaşdırılmasıdır.
Bu
isə öz növbəsində yerli mütəxəssislərin intellektual və peşəkarlıq
səviyyəsinin artırılmasını, bu sahədə yüksək ixtisaslı kadrların
formalaşmasını şərtləndirir. Kompleksin idarə olunmasında və yerli
kadrların yetişdirilməsində Avropa
mütəxəssislərinin xidmətindən istifadə olunur. Burada yüksək əmək
təhlükəsizliyinə və gigiyenik-sanitar normalara riayət olunur, işçilərin
işə gətirilməsi, aparılması və nahar yeməyinin verilməsi təmin edilir.
İstehsal olunan məhsullar "Tomat.az” brendi ilə əsasən ixrac edilir.
Bu
müəssisənin yaradılması ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft
sektorunun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın ixracyönümlü
məhsullarının sayının və çeşidinin artırılmasında da rol oynayır. Belə
layihələrin icrası həm də əhalinin məşğulluğunun təmin edilməsi
baxımından əhəmiyyətlidir. Hazırda kompleksdə 140 nəfər işlə təmin
olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin
sayı da artacaq. Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.