Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrinin vasitəçilik səylərinin dəstəklənməsi haqqında bəyanat qəbul
edib.
Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları tərəflərə Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında siyasi-diplomatik vasitələrlə kömək
göstərən yeganə beynəlxalq birliyin müvafiq mandatına malik olan
qurumdur:
"Biz Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT
Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və
güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll
etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq.
Dağlıq Qarabağ
münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin
stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan
şəraitin yaradılmasına dair 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik” - deyə bəyanatda bildirilib.