Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) təyin olunaraq, 29 noyabr 2017-ci il tarixindən səlahiyyətlərinin icrasına başlayıb. LAKK ABŞ-ın Los Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan XəzərXəbər-ə verilən xəbərə görə, LAKK-ın duayeni Los Ancelesdə fəaliyyət göstərən bütün konsulluq korpusunu təmsil edir və buradakı şəhər, stat və federal qurumlarla, eləcə də digər təşkilatlarla korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.