Xəzər Xəbər

Heydər Əliyev Fondu beynəlxalq əlaqələrini genişləndirir - FOTO

Gündəm | 11:34 • 24 Noyabr 2017
Heydər Əliyev Fondu beynəlxalq əlaqələrini genişləndirir -

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekində bir sıra təşkilatlarla əməkdaşlıq perspektivlərini müzakirə edib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fondun icraçı direktoru Anar Ələkbərovun Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədri xanım Li Siaoli, Cəmiyyətin sədr müavini Sun Cinvu ilə görüşündə Heydər Əliyev Fondu və Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin fəaliyyət istiqamətləri, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.


Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Çin Xalq Respublikası ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Yaxın dostluq münasibətlərinin gələcəkdə daha da genişləndirilməsi üçün Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyəti ilə əməkdaşlığa Heydər Əliyev Fondunun dəstək göstərməyə hazır olduğu qeyd edilib. Anar Ələkbərov gələcək layihələrin müzakirəsi məqsədilə xanım Li Siaolini Azərbaycana dəvət edib.


Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədri Li Siaoli Azərbaycan ilə əlaqələrin genişlənməsi üçün hərtərəfli imkanların olduğunu bildirib. O, məmnuniyyətlə Azərbaycana səfər edəcəyini deyib.


Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, eyni zamanda, iki ölkənin sürətli inkişafı və gələcəkdə bütün sahələrdə birgə əməkdaşlığın reallaşdırılması barədə danışaraq, Heydər Əliyev Fondunun nəzərdə tutulan layihələrinin ölkələr və xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcəyini bildirib.


Görüşdə Heydər Əliyev Fondu ilə Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin bu istiqamətdə geniş imkanlara malik olduğu qeyd edilib.


Sonra Heydər Əliyev Fondu ilə Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyəti arasında dostluq və əməkdaşlıq haqda Memorandum imzalanıb.


Azərbaycan nümayəndə heyəti Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin muzeyi ilə tanış olub.


Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Beynəlxalq Ticarətin Təbliğatı Agentliyinin sədr müavini Van Cincen ilə də görüşüb.


Danışıqlar zamanı "Bakı Ekspo 2025”in təqdimatı olub, eyni zamanda, 2019-cu ildə Pekində keçiriləcək bağçaçılıq sərgisinə dair müzakirələr aparılıb.


Çin Beynəlxalq Ticarətin Təbliğatı Agentliyinin sədr müavini Van Cincen "Bakı Ekspo 2025”in təqdimatına və Azərbaycanın "Pekin 2019” sərgisində iştirakına qərar verdiyinə görə məmnunluğunu bildirib.


Görüşdə "Pekin Ekspo 2019” və Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizədlik məsələləri ilə bağlı davamlı müzakirə barədə razılıq əldə olunub.

Xəbər lenti