Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işlə təmin edilməmiş məcburi
köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına münasibət
bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, Nazirlər Kabineti
tərəfindən 10 may 1994-cü il tarixdə "Büdcədən maliyyələşdirilən
müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş
yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması tədbirləri haqqında” 181 nömrəli qərar qəbul edilib.
Həmin qərarın 2-ci bəndində göstərilir ki, Maliyyə Nazirliyi
və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən
müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan
səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 1 sentyabr
1994-cü il tarixədək orta əmək haqlarının verilməsini təmin etsinlər.
Sonraki illərdə Nazirlər Kabinetinin
müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il
nəzərdə tutulan vaxtadək uzadılıb və beləliklə dövlət büdcəsindən
maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən
asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və heç bir
yerdə işləməyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqı 1
yanvar 2017-ci il tarixədək verilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
nəzərə çatdırır ki, cari ildə də Komitə tərəfindən həmin qərarın
müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə
hərtərəfli müzakirələr aparılıb, lakin qərarın müddətinin uzadılması
məqsədəuyğun hesab edilməyib. Ona görə də 2017-ci il 1 yanvar tarixdən
məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqının verilməsi
dayandırılıb. Həmçinin bildirilib ki, məcburi köçkünlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlmək və ya sosial yardım almaq üçün müraciət etsinlər.