Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
XəzərXəbər-in məlumatına görə, G. Marqvelaşvilinin məktubunda deyilir:
"Zati-aliləri.
Xahiş edirəm, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik
əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə səmimi
təbriklərimi qəbul edəsiniz. Ölkələrimiz arasında mədəni və tarixi
əlaqələrin daim güclü olduğunu qeyd etməkdən məmnunam. Səmimi fərəh
hissi ilə bildirmək istərdim ki, biz ötən müddət ərzində dostluğa
əsaslanan tərəfdaşlığımızın inkişafının şahidi olmuşuq. Gürcüstan
etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək
qiymətləndirir.
Əminəm ki, ölkələrimiz arasındakı sıx
tərəfdaşlıq əlaqələri qarşıdakı illərdə müxtəlif sahələrdə nəzərəçarpan
nailiyyətlərlə daha da güclənəcək. Bu xoş fürsətdən istifadə edərək,
Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı olaraq
dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim.
Zati-aliləri, ən yüksək ehtiramımı və dost Azərbaycan xalqına sülh,
sabitlik və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm”.
Gürcüstan baş naziri Girogi Kvirikaşvili də Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib:
"Zati-aliləri cənab Prezident.
İzin verin, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik
əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə Gürcüstan
hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırım. Ölkələrimiz
arasında qədim tarixi olan mehriban qonşuluğa, qarşılıqlı hörmətə və
anlaşmaya əsaslanan güclü dostluq əlaqələri mövcuddur. Qeyd etmək çox
xoşdur ki, ötən müddət ərzində səmərəli və intensiv ikitərəfli
əməkdaşlıq əlaqələrimizin şaxələnməsində mühüm rol oynayıb.
Regional
təhlükəsizlik və inkişaf naminə ölkələrimiz arasında strateji
tərəfdaşlığı möhkəmləndirmək üçün Sizinlə daha fəal əməkdaşlığa hazıram.
Zati-aliləri, bu əlamətdar yubiley münasibətilə ən yüksək ehtiramımı və
qardaş Azərbaycan xalqına davamlı sülh və inkişaf arzularımı qəbul
etməyinizi xahiş edirəm”.