Xəzər Xəbər

Azərbaycan və Koreya Respublikası arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Gündəm | 15:55 • 21 Noyabr 2017
Azərbaycan və Koreya Respublikası arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan Respublikası və Koreya Respublikası arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Koreya Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Yun Sun-Qu ilə görüşüb.

Azərbaycanın Seuldakı səfirliyindən xezerxeber.az-a bildiriblər ki, görüşdə cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu, ötən müddətdə Azərbaycan ilə Koreya arasında dialoq və qarşılıqlı anlaşmaya əsaslanan dostluq münasibətlərinin qurulduğu vurğulanıb.

Bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması üçün yüksək səviyyəli ikitərəfli səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, belə səfərlərin əlaqələrimizin yeni mərhələyə qaldırılmasına təkan verə biləcəyi qeyd edilib.

Azərbaycan Respublikası və Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının gələn il Azərbaycanda keçirilməsi təklif edilib.

X.Xələfov ölkəmizdə həyata keçirilən dərin iqtisadi islahatlar çərçivəsində Koreya Respublikası şirkətlərinin Azərbaycan iqtisadiyyatının mühüm sahələrində investisiya layihələrində iştirakının əhəmiyyətini bildirib.

Əsası 2009-cu ildə qoyulmuş və 3-cü dəfə təşkil edilən siyasi məsləhətləşmələrdə ikitərəfli münasibətlərin inkişafının müxtəlif sahələri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Koreya yarımadasındakı vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfi iki ölkə prezidentləri arasında 2006-cı və 2007-ci illərdə imzalanmış bəyanatlarda əksini tapmış müddəalara istinad edərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini qeyd edib.

Xəbər lenti