Xəzər Xəbər

Astma xəstələri bu gün bayıra çıxmasın - XƏBƏRDARLIQ

Gündəm | 10:28 • 21 Noyabr 2017
Astma xəstələri bu gün bayıra çıxmasın  -

Bu gün Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə toz-dumanın daxil olması nəticəsində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazovanın Lent.az-a verdiyi məlumata görə, proses gecə saatlarından başlayıb: "Hələlik Abşeronda toz cüzi hiss olunur, amma gün ərzində artacağı gözlənilir.

Buna baxmayaraq artıq laboratoriyada analizlər gedir. Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti operativ rejimə keçib və hər 3 saatdan bir ölkə ərazisindəki tozun miqdarı ilə bağlı məlumat veriləcək".

M. Avazova deyib ki, toz-dumanın ölkədə olma müddəti ötən dəfəkindən qısa olacaq. Sabah axşamtərəfi artıq bu toz-duman dalğası Türkmənistan tərəfə keçəcək.

M. Avazova bu prosesin daha çox astma xəstələrinə zərərli olduğunu qeyd edib: "İmkan daxilində bu xəstələr açıq havada çox olmasınlar. Sağlam əhaliyə isə tozun o qədər də təsiri olmayacaq".

Xəbər lenti