Müdafiə Nazirliyinin
hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil
olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ümumi
və ya tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar 11 dekabr 2017-ci il
tarixdən 4 yanvar 2018-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən
qəbul komissiyasına müvafiq sənədlərlə birlikdə müraciət edə bilərlər.
Nazirliyin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş
vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası
tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi
məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər.
Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki
hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları,
ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji
və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları
müvəffəqiyyətlə vermiş namizədlər "Müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçularının hazırlığı kursu”na qəbul edilirlər.
"Müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu
müvəffəqiyyətlə başa vuran namizədlərlə 3 (üç) il müddətinə könüllü
qaydada əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi
hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar
ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
"Müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul
olunmaq istəyən namizədlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri - 2 nüsxədə;
- nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
-
psixioloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən
(kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə.
Qeyd
edək ki, məhkumluğu olan, əvvəllər bağlaşma əsasında müddətdən artıq
həqiqi hərbi xidmətdə olmuş hərbi vəzifəlilərin "Müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmurlar.
Orduda
müddətdən artıq xidmət etmək istəyən şəxslərin müraciətləri dekabrın
11-dən 2018-ci il yanvarın 4-dək hər gün (bayram və bazar günləri
istisna olmaqla) saat 09.00-dan 17.00-dək qəbul olunacaq.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, "Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi).