Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə noyabrın 22-də Rusiya Federasiyasına səfərə yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, səfərdə məqsəd noyabr ayının 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburq
və Rusiyanın Şimali-Qərb regionu üzrə Ruhani İdarəsinin birlikdə təşkil
etdiyi "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə
konfessiyalararası dialoq və islam həmrəyliyi” mövzusunda konfransda
iştirak etməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi İli çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda və İspaniyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutacaq Konfransda Azərbaycan Respublikasının Milli Məclis
üzvləri, AMEA-nın İnstitut rəhbərləri, ölkəmizin tanınmış elm və din
xadimlərindən ibarət geniş nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Azərbaycan-Rusiya
mənəvi əlaqələrinin inkişafı üçün əhəmiyyət kəsb edən beynəlxalq
tədbirdə Azərbaycanı QMİ sədri ilə bərabər ənənəvi dini konfessiyaların
başçıları — Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburq şəhərinin rəhbərliyi, tanınmış ictimai-siyasi, elm və din xadimləri ilə yüksək səviyyəli görüşləri nəzərdə tutulur.