Son illər Azərbaycan
Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin
qiymətləndirilməsi üzrə yaradılan elektron sistem qeyri-qanuni əlillik
təyinatına heç bir halda imkan vermir.
XəzərXəbər xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev parlamentin Sosial siyasət komitəsinin son iclasından sonra bəzi KİV-lərdə yer alan fikirlərə münasibət bildirərkən vurğulayıb.
Qeyd
edək ki, həmin iclasda bəzi millət vəkilləri tərəfindən səslənən
fikirlərdə əvvəlki dövrlərdə, yəni elektron sistem tətbiq olunmamışdan
öncə aparılmış əlillik təyinatlarının heç də hamısının şəffaf olmadığı,
onların yenidən yoxlanılmasının vacibliyi ifadə edilib. E.Babayev
bildirib ki, bununla belə, bəzi media orqanları yanlışlığa yol verərək,
bu fikirlərin guya son illər aparılmış əlillik təyinatlarına aid
olduğuna işarə vuran qeyri-obyektiv mövqe sərgiləyiblər: "Hansı ki, son
zamanlar aparılan islahat tədbirləri əlillik dərəcələrinin verilməsi
prosedurunun ekspert-vətəndaş təmasları olmadan, elektron sistem
vasitəsilə tam şəffaflaşdırılmasına səbəb olub”.
Əvvəllər təyin
olunmuş əlillik dərəcələrinin yoxlanılması ilə bağlı sözügedən iclasda
qeyd edilənlərə gəldikdə isə, şöbə müdiri hazırda nazirlik tərəfindən
bununla bağlı hər hansı iş aparılmadığını, lakin bu məsələyə gələcəkdə
baxıla biləcəyini mümkün olduğunu diqqətə çatdırıb: "Əvvəlki dövrlərdə
əlilliyi olan şəxslər hər il təkrar əlillik almaq üçün müraciət etməli
olurdular. Bu da onların haqlı narazılığına səbəb olaraq, müəyyən
bürokratik hallara şərait yaradırdı. Ona görə də mühüm islahat tədbiri
kimi, 2016-cı il yanvarın 1-dək müəyyən edilmiş və həmin vaxtadək
müddəti başa çatmamış birinci qrup əlillik sistem tərəfindən
avtomatlaşdırılmış şəkildə müddətsiz müəyyən olunub, ikinci və üçüncü
dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti isə eyni qayfa ilə beş
ilədək uzadılıb. Yəni həmin şəxslərin əlilliyinin növbəti
qiymətləndirilməsi 2020-ci ildə nəzərdə tutulur”.
Yeni təyinatların hansı formada aparılmasına da aydınlıq gətirən E.Babayev bildirib ki, əlilliyin qiymətləndirilməsi proseduru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS)
vasitəsilə yerinə yetirilir. Səhiyyə Nazirliyindən elektron qaydada
daxil olan müvafiq göndəriş formasının (forma 88) kimə aid olduğu və
hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız
xəstəlik vəziyyəti əsasında əlillik təyin edilib-edilməməsinə dair qərar
verilir:
"Göndərişi vermiş səhiyyə müəssisəsinin, onu təsdiq
etmiş şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin (əlillik
vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə
imkan verən bütün məlumatlar göndəriş elektron sistemə daxil olan anda
həmin sistem tərəfindən adsızlaşdırılmaqla kodlaşdırılır. Həmin göndəriş
əlilliyin qiymətləndirilməsi üçün elektron formada onu vermiş səhiyyə
müəssisəsinin yerləşdiyi və şəxsin qeydiyyatda olduğu yer üzrə TSEK
istisna olunmaqla hər hansı TSEK-ə göndərilir. Göndərişi elektron
formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin
vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir
və 2 iş günü müddətində əlillik təyin olunub-olunmamasına dair qərar
qəbul edilir. Bu qərar əlilliyi qiymətləndirmiş TSEK-in üzvləri
tərəfindən elektron imzalarla təsdiqlənərək geriyə - elektron sistemə
ötürülür, elektron sistem isə həmin qərardan kodu götürərək, əlilliyi
qiymətləndirilmiş şəxsin adını, familyasını, ata adını əlavə edərək
TSERAS-a yerləşdirir”.
Şöbə müdiri vurğulayıb ki, əlilliyin
qiymətləndirilməsi zamanı insan müdaxiləsini, subyektiv yanaşmaları
mümkünsüz edən yeni elektron sistem mövcud əlillik qruplarının
verilməsində ünvanlılığı, obyektivliyi tam təmin edir və nəticədə, ilkin
əlilliyin azalması özünü göstərir:
"Cari ilin 9 ayında TSERAS-a
daxil olan göndərişlər üzrə əlilliyin qiymətləndirilməsinə dair
müraciətlərin hər birinə obyektiv və şəffaf şəraitdə baxılması təmin
edilib və ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq
dövrünə nisbətən 23,4% azalıb. Respublika üzrə ilkin əlil hesab
edilənlərin əksər hissəsini ağır dərəcəli əlilliyi olanlar təşkil edib”.