Milli Məclis "Reklam haqqında" qanuna dəyişiklikləri təsdiq edib.
XəzərXəbər-in
məlumatına görə, qanunun 26.2-2-ci maddəsinə təklif olunan dəyişikliyə
əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə almaq üçün reklam
yayıcısı reklam yerləşdiriləcək reklam daşıyıcısının sahibi və ya reklam
daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın
mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə
bağlamalıdır.
Reklam daşıyıcısı bələdiyyə mülkiyyətində olan
daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə
dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum
arasında bağlanılacaq müqavilənin məbləği həmin quruma ödənilməlidir.
Bundan başqa, qanuna aşağıdakı məzmunda 26.2-3-cü bənd əlavə edilib:
"Reklam
yayıcısı açıq məkanda reklam yayımına görə bu qanunun 35.3-cü maddəsinə
uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq
ödəyir".
Həmçinin, 26.8-ci maddəyə təklif olunan dəyişikliyə
əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş
hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını,
mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya
çatdıran sayı 1-dən, ümumi çəkisi 2 kv. metrdən artıq olmayan lövhələr
(yazılar) reklam daşıyıcıları və reklam hesab edilmir.
Qanuna
aşağıdakı məzmunda 35.3-cü bənd də əlavə olunub: "Açıq məkanda reklam
yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı,
həmin məbləğin müəyyən edilməsi qaydası isə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi
nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi
ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu qanunun
26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir".
Qeyd
edək ki, qanun layihəsi açıq məkanda reklama icazə alınması üçün
prosedurların dəqiqləşdirilməsi, açıq məkanda reklam yerləşdirilməsi və
reklam yayımına görə haqqın ödənilmə qaydası və məbləği ilə bağlı
məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.