Hollandiya ərazisində
qeydiyyatda olan booking.com qanunsuz fəaliyyətini yenidən bərpa edib və
Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini
həyata keçirməyə başlayıb.
Bunu Booking.com vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərindən
mehmanxana sifarişi ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan XİN və Mədəniyyət və Turizm Nazirliyinin ciddi etirazından sonra internet vasitəsilə mehmanxana sifarişlərini həyata keçirən booking.com Azərbaycanın Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz
mehmanxana sifarişlərini dayandırmışdı: "Apardığımız araşdırmalar
nəticəsində müəyyən olunub ki, Hollandiya ərazisində qeydiyyatda olan
booking.com qanunsuz fəaliyyətini yenidən bərpa edib və Azərbaycanın
işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini həyata keçirməyə
başlayıb. Booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş
ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana
sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və
prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair
Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir".
XİN
rəsmisi qeyd edib ki, bir milyondan artıq azərbaycanlıya qarşı qanlı
etnik təmizləmənin törədildiyi işğal olunmuş ərazilərin turizm məntəqəsi
kimi təşviq edilməsi və mehmanxana rezervasiyasının həyata keçirilməsi
hər hansı mənəvi çərçivələrə də sığmır: "Azərbaycanın işğal olunmuş
əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu
halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş
ərazilərdə mehmanxana rezervasiyası və booking.com-un bundan qazanc əldə
etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların
yuyulması anlamına da gəlir. Təəssüf edirik ki, korporativ biznes etik
qaydalarına zidd olaraq bu kimi davranış ilə şirkət özü haqqında
qeyri-ciddi təəssürat yaradır və öz nüfuzuna xələl gətirir. Məsələ ilə
əlaqədar XİN və MvTN tərəfindən əlaqələndirilmiş şəkildə müvafiq
tədbirlər görülür. Hollandiyadakı Səfirliyimizə də təlimat göndərilib".