Baş nazirin müavini,
Dövlətqaçqınkomun sədri Əli Həsənovun rəhbərliyi ilə Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin doqquz
ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş
tərkibdə kollegiya iclası keçirilib.
XəzərXəbər xəbər verir ki, kollegiya iclasını giriş sözü ilə açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov gündəliyə daxil edilmiş məsələlərin müzakirəsi zamanı əsas diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin
cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş və proqram
xarakterli çıxışında səsləndirdiyi müddəalara və qarşıya qoyduğu
vəzifələrə yönəldərək bildirib ki, cənab Prezidentin
rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və
məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı daha da
güclənmiş, davamlı inkişaf dinamikası təmin olunub.
Baş nazirin müavini Əli Həsənov cənab Prezidentin
həmin iclasdakı çıxışına və statistik rəqəmlərə istinad etməklə bu ilin
ötən dövründə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial
məsələlərin həllini tapdığını diqqətə çatdıraraq həmçinin dövlətimizin
başçısının rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə qazandığı
nailiyyətlərdən, diplomatik uğurlardan, respublikamızın dünya birliyində
reytinqinin yüksəlməsinə səbəb olan amillərdən ətraflı söhbət açıb.
Ölkəmizin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov
onu da bildirib ki, bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq,
problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin
yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir! Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin
tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir.
Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasına toxunan Əli Həsənov diqqətə çatdırıb ki, Ermənistandakı cinayətkar rejimə rəhbərlik edən Serj Sarkisyan sessiyadakı çıxışında həmişə olduğu kimi heç bir əsasa söykənməyən fikirləri böyük gülünc doğurdu və Ermənistanın özündə böyük narahatçılıq səbəb oldu. "Bu çıxışla Ermənistan prezidenti özünü bütün dünya ictimaiyyəti qarşısında rüsvay etdi. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin mötəbər tribunasında məğrurcasına dayanaraq, faktlara söykənən təmkinli və yüksək səviyyəli çıxışı ilə son 25 ildə Ermənistanın
cinayətkar rejiminin törətdiyi hadisələri bütün dünyanın diqqətinə
çatdırdı. Həmçinin çıxış üçün ayrılmış çox qısa bir vaxt ərzində
ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı böyük uğurlar barədə dolğun
təsəvvür yaratdı”.
Cocuq Mərcanlının bərpasını Böyük Qayıdışın başlanğıcı adlandıran Baş nazirin müavini Əli Həsənov Nazirlər Kabinetinin son iclasındakı çıxışında cənab Prezidentin
də bu tarixi hadisəyə bir daha xüsusi önəm verdiyini diqqətə çatdıraraq
bildirib ki, hazırda kənddə ikinci mərhələdə aparılan bərpa işləri də
cənab Prezidentin
tapşırığı və nəzarəti altında həyata keçirilir. Ən başlıcası isə
dövlətimizin başçısının uğurlu ideoloji siyasətinin nəticəsidir ki,
artıq bütün dünya Cocuq Mərcanlı
kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu
gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan
torpağı olması barədə tam məlumatlıdır ki, bunlar da olduqca mühüm önəm
daşıyır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın ilk müşavirəsini Bakı
və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda
müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin
köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Mehriban xanım
Əliyeva tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında
1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə
salınan yeni yaşayış məhəlləsinin təmələnin qoyulması, bu yaxınlarda isə
«Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün
ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi»nin icrası
çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin
Masazırda və Mehdiabad qəsəbəsindəki «Gənclər Şəhərciyi»ndə yeni
mənzillərlə təmin olunması, oktyabrın 5-də isə həmin layihə çərçivəsində
Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş
daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin
tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsi və
təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və
bunlara uyğun olaraq artıq başlanan işlərin uğurla davam etdirilməsi də
məhz bu diqqət və qayğının nəticəsidir. Bütün bunlar bir daha onu
göstərir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin də fəaliyyətinin
prioritetidir.
"Bakıda,
Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il
minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn
il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz
çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini
tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən
evlərlə, mənzillərlə təmin edilmişdir”.
Prezident İlham Əliyevin
yürütdüyü siyasətin təməl prinsiplərindən olan qaçqın və məcburi
köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasını, onların müxtəlif
problemlərinin həllinə hərtərəfli dövlət qayğısının müntəzəm diqqət
mərkəzində saxlanılmasını önə çəkən Baş nazirin müavini bildirib ki, bu
gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər tam şəkildə dövlətin
təminatındadır, onların problemlərinin, xüsusən də mənzil-məişət
problemlərinin həlli dövlətimizin başçısı İlham Əliyevin gündəlik diqqət mərkəzindədir. Bu baxımdan bu il də məcburi köçkünlər üçün yeni qəsəbələr salındığını diqqətə çatdıran Əli Həsənov deyib ki, onlardan biri Tərtər
rayonunda bütün sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilən
1176 ailəlik böyük qəsəbədir, yaxın günlərdə bu yaşayış kompleksi
istifadəyə veriləcək. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndində ikinci mərhələdə aparılan bərpa işləri, əlavə olaraq 100 evin,
digər infrastrukturların da inşası başa çatmaq üzrədir.
Həmçinin, Bakı
və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin
problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini
bildirən Əli Həsənov
bir daha diqqətə çatdırıb ki, dövlətimizin başçısının da, ölkənin
Birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır
vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkdir.
Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni
zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi
köçkünlər orada yerləşdirilir.