Heydər Əliyev Fondunun
vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla
Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda
BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi
Qulam İshaqzai ilə görüşüb.
Heydər Əliyev Fondundan
XəzərXəbər-ə verilən məlumata görə, görüşdə IDEA ilə BMT sisteminin qurumları arasında yeni əməkdaşlıq imkanları, o cümlədən BMT-nin
Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və ətraf mühit
problemlərinin həllində birgə fəaliyyət perspektivləri müzakirə edilib.
Həmçinin, BMT-nin
İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanın xüsusi mühafizə olunan
təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə
idarəetmənin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihə ətrafında
fikir mübadiləsi aparılıb.
Layihənin məqsədi Azərbaycanın
özünəməxsus, dünyada nadir rast gəlinən bioloji müxtəliflik
nümunələrinin qorunub saxlanılması məqsədilə xüsusi mühafizə olunan
təbiət ərazilərinin yaradılması və səmərəli idarə olunmasıdır.
Qeyd
edək ki, sözügedən layihə çərçivəsində Qızılağac Dövlət Təbiət Qoruğu
kompleksində aparılan yenidənqurma və təkmilləşdirilmə işləri
nəticəsində Azərbaycanda regionun ilk xüsusi mühafizə olunan dəniz
ərazisi yaradılacaq.
Görüşdə ətraf mühit, davamlı inkişaf və digər
məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi və daha da gücləndirilməsi
barədə razılığa gəlinib.