Pambıqçılığın inkişafı
istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə
Azərbaycanda pambıq emalını 400 min tona çatdırmağa imkan verəcək.
XəzərXəbər-in
məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan"
qəzetində dərc olunan məqaləsində deyib. Onun sözlərinə görə, dövlət
başçısı tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən
pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin,
çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyin inkişafı istiqamətində
imzalanmış sərəncamlar, keçirilmiş müşavirələr, həmçinin istehsalçılara
subsidiyaların verilməsi, sahəvi dövlət proqramları ixrac potensialının
artırılmasına və məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm təkan verib.
O
qeyd edib ki, digər ənənəvi sahələrdə də artım tempi müşahidə olunur:
"2015-ci ildə ölkə üzrə 236 kiloqram yaş barama istehsal olunduğu halda,
ötən il bu göstərici 70,7 tona, 2017-ci ildə isə 245,2 tona çatdırılıb.
Tütünçülüyün inkişafına dair Dövlət Proqramına uyğun olaraq, bu sahədə
əkin sahələrini 2021-ci ilədək 2 dəfə genişləndirərək, hazırkı 3200
hektardan 6 min hektara çatdırılması nəzərdə tutulur. Bu isə ölkədə hər
il 12 min ton quru tütün istehsal etmək imkanı yaradacaq.
İxrac
qabiliyyətli əsas məhsullardan olan fındıq istehsalını artırmaq üçün
bölgələrdə mövcud fındıq bağlarından 2 dəfə çox yeni bağların salınması
nəzərdə tutulur. Dövlət başçısının tapşırığına uyğun olaraq, iri
çayçılıq təsərrüfatlarının yaradılması, istehsal prosesinə innovativ
texnikanın cəlb olunması və bu sahədə elmi yanaşmaların tətbiqi çay
plantasiyası sahələrinin 17 min hektara çatdırılmasına imkan verəcək.
Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkəmizin
kənd təsərüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi
yüksəlib, ərzaq məhsullarının istehsalı artmış, ixrac imkanları
genişlənib".