"Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər sərhədlərimizdən keçməsin"
XəzərXəbər-in məlumatına görə, bunu oktyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçıları ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Xoş gəlmisiniz. Sizi Azərbaycanda salamlamağa məmnunam. Şadam ki, MDB
ölkələrinin sərhəd xidmətləri rəhbərlərinin iclası bizim ölkəmizdə
keçirilir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi birinci
dəfə deyil. Biz sizinlə görüşmüşük, ola bilsin ki, tamamilə indiki
tərkibdə olmayıb, amma sizin çoxunuz artıq bizim ölkəmizdə olub. Bu, çox
yaxşı tədbirdir. Bu, təkcə sərhəd xidmətlərinin rəhbərləri arasında
deyil, həm də ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirir.
Bu yaxınlarda Soçidə MDB-nin növbəti sammiti keçirildi. Azərbaycan həmin tədbirdə fəal iştirak etdi. Ümumiyyətlə, biz MDB
məkanında bir çox mühüm işlərdə fəal iştirak edirik. Əlbəttə,
təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün
ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və
xalqlarımızın təhlükəsizliyinin əsasıdır. Bizim vətəndaşların normal,
rahat həyatı da çox cəhətdən sizin rəhbərlik etdiyiniz xidmətlərin
uğurlu fəaliyyətindən asılıdır. Buna görə də heç şübhəsiz, bizim
ölkələrimizin rahat, normal, sabit inkişafı da sizin aranızda
əməkdaşlıqdan, informasiya mübadiləsindən, qarşılıqlı fəaliyyətdən
asılıdır".
İlham Əliyev
bildirib ki, Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun,
bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirilir: "Son
illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı
sahəsində çox iş görülüb. Hesab edirəm ki, bu sahə təhlükəsizliyin
möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir.
Təəssüf ki,
bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər
artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya
mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim
təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə
uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna
görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər
bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB
ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik. Əlbəttə ki,
beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə
başlıca yer tutur".
Prezident
əlavə edib ki, bu gün praktiki olaraq bütün beynəlxalq sammitlərdə
ekstremizmə, mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizə ən
aktual mövzulardır: "Təbii ki, bizim ölkələrimiz bütün bu müasir
təhdidlərə və təhlükələrə adekvat şəkildə cavab verməlidir. Mən şadam
ki, bütövlükdə MDB
məkanında vəziyyət kifayət qədər sabitdir. Xüsusilə bugünkü dünyada bir
sıra regionlarda çox həyəcanlı proseslər - sabitliyin pozulması, daxili
münaqişələr, müharibələr, qanlı toqquşmalar getdiyi vaxtda biz əlbəttə
ki, öz ölkələrimizin təhlükəsizliyini möhkəmləndirməliyik və ölkələrimiz
arasında, o cümlədən sizin başçılıq etdiyiniz sahədə əməkdaşlığın daha
da möhkəmlənməsinə təkan verməliyik.
Mən əminəm ki, Komandanlar
Şurasının iclası yüksək səviyyədə keçiriləcək və müzakirə olunacaq
məsələlər ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmlənməsinə,
sərhədlərin qorunmasının möhkəmlənməsinə gətirib çıxaracaq. Hamımız
sərhədlərimizin bizə ziyan vurmaq istəyənlərdən etibarlı müdafiə
olunmasında, eyni zamanda, dostlarımız, turistlər, iş adamları,
ölkələrimizlə tanış olmağa gələnlər üçün açıq olmasında maraqlıyıq. Belə
bir tarazlığı tapmaq asan deyil. Biz Azərbaycanda buna cəhd edirik və
bizim bir çox ölkələrlə həyata keçirdiyimiz viza rejiminin
liberallaşdırılması və bir çox ölkələrdən əcnəbi vətəndaşların
Azərbaycana kifayət qədər sərbəst gələ bilməsi, əlbəttə ki, bu il 20
faizdən çox, ötən il isə hətta 25 faiz artan turizmin hiss olunacaq
dərəcədə inkişafına gətirib çıxarıb. Bununla yanaşı, eyni zamanda,
təhlükəsizliyin etibarlı təminatı göstərir ki, tənasüb tapıla bilər. Biz
də buna cəhd edirik. Sözsüz ki, qonşularla, MDB-yə
üzv ölkələrlə, bizim çoxdankı dostlarımızla iş əlaqələndirilmədən buna
hansısa ölkədə nail olmaq çətin olacaq. Buna görə də biz məhz bu sahədə MDB
çərçivəsində əməkdaşlığa çox böyük önəm veririk. Düşünürəm ki, sizin
həm bu gün, həm də sabah görüşləriniz olacaq, bizim sərhəd xidmətinin
rəhbərliyi sizi görülən işlər barədə məlumatlandıracaq və siz fikir və
təcrübə mübadiləsi aparacaqsınız. Bir daha sizi salamlayıram və sizə
uğurlu iş arzulayıram".