Xəzər Xəbər

Azərbaycan ilə Polşa arasında yüksək səviyyəli siyasi əlaqələr var

Gündəm | 14:37 • 18 Oktyabr 2017
Azərbaycan ilə Polşa arasında yüksək səviyyəli siyasi əlaqələr var

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlər, habelə müqavilə-hüquq bazası və baxılmaqda olan sənədlərin vəziyyətinə nəzər salınıb və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. Diqqətə çatdırılıb ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlər qurulmasının 25 illiyi qeyd edilir və bununla əlaqədar xarici işlər nazirləri arasında qarşılıqlı təbrik mübadiləsi həyata keçirilib.

Söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin iyunun Polşaya rəsmi səfərinin və tərəflər arasında əldə olunmuş razılaşmaların, xüsusən də strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanmasının əhəmiyyəti qeyd edilib.

Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən danışan Vitold Vaşçikovski hər iki ölkə arasında yüksək səviyyəli siyasi təmasları yüksək qiymətləndirib.

Nazirlər iki ölkə arasında Hökumətlərarası birgə Komissiyanın, Azərbaycan–Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinə, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrə toxunublar, müxtəlif formatlarda əməkdaşlıq formalarının intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı, xüsusən də Şərq Tərəfdaşlığı proqramı, NATO, ATƏT, habelə Vişeqrad qrupu çərçivəsində əməkdaşlığı təqdir ediblər.

Nazirlər regional enerji və nəqliyyat layihələrini, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən neft və qazın Avropaya nəqli, eyni zamanda, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının imkanları, iqtisadi və vaxt baxımından üstünlüklərini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyinə görə Polşa tərəfinə minnətdarlıq edib.

Görüşdə vurğulanıb ki, gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyi qeyd olunacaq və bu xüsusda, bir sıra ictimai-mədəni tədbirlərin keçirilməsi üçün birgə fəaliyyət proqramı üzərində iş gedir. Eyni zamanda, Polşa Prezidenti Andjey Dudanın Azərbaycana səfər edəcəyinə dair məlumat verilib.

Nazirlər humanitar, turizm, mülki aviasiya və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq, o cümlədən Yaxın Şərqdəki vəziyyət və miqrant məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Sonra nazirlər görüşün yekunlarına dair birgə mətbuat konfransı keçiriblər.

Xəbər lenti