Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur.
XəzərXəbər xəbər verir ki, bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il ötür.
Qeyd edək ki, XX yüzilliyin sonlarında SSRİ-nin
süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş
etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə
müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX
əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyadakı demokratik
qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz
suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə
şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə
çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında
bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin
həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının
Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul
edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq
səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan
Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına
tərəfdarsınızmı?"
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis
tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir
Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində
alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.
Prezident İlham Əliyev
dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün dövlət səviyyəsində
təntənəli surətdə qeyd olunması haqqında sərəncam imzalayıb.