Nazirlər Kabineti
"Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik
və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında
Əsasnamə”ni təsdiq edib.
XəzərXəbər-in
xəbərinə görə, Baş nazir Artur Rasi-zadənin imzaladığı əsasnaməyə
əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən
səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin (bundan sonra –
ticarət nümayəndəsi) və onun aparatının fəaliyyət qaydalarını müəyyən
edir.
Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə
uyğun olaraq, ticarət nümayəndəsinin vəzifələri aşağıdakılardır: Təyin
olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət
əlaqələrini genişləndirmək, bu məqsədlə iqtisadi-ticarət əlaqələrinin
vəziyyətini təhlil etmək, müvafiq istiqamətdə təkliflər hazırlamaq və
onları həyata keçirmək, təyin olunduğu ölkədə ölkəmizin və yerli
ixracatçıların iqtisadi-ticarət maraqlarını qorumaq və təmsil etmək, bu
məqsədlə tədbirlər hazırlamaq və həyata keçirmək, Azərbaycan mallarının
və xidmətlərinin təyin olunduğu ölkənin bazarlarına çıxışının
genişləndirilməsi üçün tədbirlər görmək, müvafiq təkliflər hazırlayaraq
həyata keçirmək, İxracın stimullaşdırılması ilə bağlı həyata keçirilən
tədbirlərin təşkilində iştirak etmək və bu tədbirlərin səmərəliliyinin
artırılması ilə bağlı tədbirlər görmək, Azərbaycan Respublikasının və
təyin olunduğu ölkənin fiziki və hüquqi şəxsləri arasında işgüzar
əlaqələrin qurulmasına köməklik göstərməkdir.
Bundan başqa təyin
olunduğu ölkədə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin
qarşılaşdığı problemləri öyrənmək və həlli istiqamətində müvafiq
tədbirlər görmək, bu məqsədlə təkliflər hazırlamaq və həyata keçirmək,
Azərbaycan malları və ya xidmətlərinin, ölkəmizin investisiya
mühitinin təyin olunduğu ölkələrdə təbliği istiqamətində tədbirlər
həyata keçirmək, təyin olunduğu ölkənin bazarlarına Azərbaycan malları
və ya xidmətlərinin çıxışına, həmin bazarda tələbata və mövcud
təkliflərə və təyin olunduğu ölkələrin idxal-ixrac, daxili bazarda satış
tələblərinə dair məlumatlar hazırlamaq, həmin məlumatları aidiyyəti
dövlət orqanlarına təqdim etmək, habelə Azərbaycan Respublikasının
fiziki və hüquqi şəxslərinə çatdırılması üçün tədbirlər görmək, təyin
olunduğu ölkədə Azərbaycan Respublikasının ticarət-iqtisadi maraqlarına
toxuna biləcək tədbirlərə dair məlumatlar hazırlamaq, həmin məlumatları
aidiyyəti dövlət orqanlarına təqdim etmək, belə halların aradan
qaldırılması istiqamətində tədbirlər görmək, təyin olunduğu ölkədə
həyata keçirilən dövlət satınalmaları, satın alınan mallar və xidmətlər
barədə məlumatlar hazırlamaq, həmin məlumatların Azərbaycan
Respublikasının müvafiq malları və xidmətləri təchiz edə biləcək fiziki
və hüquqi şəxslərinə çatdırılması ilə bağlı tədbirlər görmək, təyin
olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi
əməkdaşlıq sahəsində fəaliyyət göstərən hökumətlərarası komissiyaların,
işçi qruplarının fəaliyyətinə köməklik göstərməkdir.
Eyni zamanda
təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında
ticarət-iqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və ya
hökumətlərarası danışıqların təşkilində və aparılmasında, bu sahədə
beynəlxalq müqavilələrin razılaşdırılmasında və bağlanılmasında iştirak
etmək, təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında
ticarət-iqtisadi əməkdaşlıq sahəsində beynəlxalq müqavilələrin icrasına
köməklik göstərmək, təyin olunduğu ölkəyə Azərbaycan malları və
xidmətlərinin ixracı ilə bağlı yaranan maneələri öyrənmək və belə
maneələrin aradan qaldırılması üçün tədbirlər görmək, bu məqsədlə
təkliflər hazırlamaq və onları həyata keçirmək, fəaliyyət
istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulan digər
vəzifələri yerinə yetirmək.
Ticarət nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Ticarət
nümayəndəsinə "Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 9.1-ci maddəsində nəzərdə tutulan qaydada ikinci dərəcəli
Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilir və "Pasportlar
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ticarət
nümayəndəsi diplomatik pasportla təmin edilir. Ticarət nümayəndəsi öz
funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində
həyata keçirir. Ticarət nümayəndələri və onların aparatları İqtisadiyyat
Nazirliyinin strukturuna daxildir.
1. Ümumi müddəalar1.1.
Bu Qayda "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin
fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 5 sentyabr tarixli 1588 nömrəli Fərmanının 3.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan
Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarında (bundan sonra – diplomatik nümayəndəliklərdə) təyin
olunan Azərbaycan Respublikasının vətəndaşı olan ticarət
nümayəndələrinin və onların aparatlarının işçilərinin maliyyə təminatı
ilə bağlı məsələləri tənzimləyir. Bu Qayda diplomatik nümayəndəliklərdə
işlədikləri dövrdə ticarət nümayəndələrinə, onların aparatlarının
işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18
yaşına qədər uşaqlar, 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan
uşaqlar) ödənişlərin verilməsini və digər təminatların həyata
keçirilməsini müəyyən edir.
1.2. Ticarət nümayəndələrinin
aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət
nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir.
2. Əməkhaqqı2.1.
Ticarət nümayəndəsinin əməkhaqqı onun təyin olunduğu səfirlikdə səfirin
əməkhaqqının 90 faizi, konsulluqda isə həmin ölkədə fəaliyyət göstərən
səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən edilir. Ticarət
nümayəndəsinin aparatının işçilərinin əməkhaqqı bu Qaydanın 1 nömrəli
əlavəsinə uyğun olaraq müəyyən edilir.
2.2. Ticarət nümayəndəsinə
və onun aparatının işçilərinə əməkhaqqı onların təyin olunduqları
diplomatik nümayəndəliyə getmək üçün Azərbaycan Respublikasının dövlət
sərhədini keçdiyi gündən həmin vəzifə üçün nəzərdə tutulan məbləğdə
xarici valyutada ödənilir.
2.3. Ticarət nümayəndəsi və onun
aparatının işçilərinə vəzifəyə təyin olunduqları diplomatik
nümayəndəliklərdə alacaqları aylıq əməkhaqqının 50 faizi məbləğində
birdəfəlik müavinət ödənilir.
2.4. Ticarət nümayəndəsi və onun
aparatının işçilərinə birdəfəlik müavinət, yol xərci və yüklərin
daşınması ilə bağlı xərclər ticarət nümayəndəsinin aparatının xərclər
smetası hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində
ödənilir.
3. Tibbi sığorta3.1. Təyin
olunduqları diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə ticarət
nümayəndələri, onların aparatlarının işçiləri və onlarla birlikdə
yaşayan ailə üzvləri müvafiq tibbi xidmətlə (tibbi sığorta ilə) təmin
olunurlar. Bu məqsəd üçün ticarət nümayəndəsinin aparatının saxlanılması
üçün nəzərdə tutulmuş xərclər smetasında Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə təqdim edilmiş təsdiqedici sənədlər əsasında
ticarət nümayəndəsinin təyin olunduğu ölkələrdə tibbi sığorta
qiymətlərinin orta səviyyəsinə uyğun müvafiq vəsaitlər nəzərdə tutulur.
3.2.
Ticarət nümayəndələrinə, onların aparatlarının işçilərinə və onlarla
birlikdə yaşayan ailə üzvlərinə tibbi sığorta mərkəzləşmiş qaydada bu
məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan
Respublikasında tibbi sığorta üzrə bağlanılmış müqaviləyə (tibbi sığorta
müqavilələri bu sahədə tibbi sığorta proqramına uyğun olan həcmdə
ticarət nümayəndəsinin təyin olunduğu diplomatik nümayəndəliyin
yerləşdiyi ərazidə tibbi xidmət əldə etmək imkanı verən sığorta şirkəti
ilə imzalanır) əsasən həyata keçirilə bilər.
3.3. Ticarət
nümayəndələrinə, onların aparatlarının işçilərinə və onlarla birlikdə
yaşayan ailə üzvlərinə dövlət büdcəsi vəsaitləri hesabına
maliyyələşdirilən tibbi sığorta zərfi bu Qaydanın 2 nömrəli əlavəsinə
əsasən müəyyənləşdirilir.
4. Nəqliyyat xərcləri4.1.
Diplomatik nümayəndəliklərə təyin olunan və orada fəaliyyətini başa
çatdırıb Azərbaycan Respublikasına qayıdan ticarət nümayəndələrinin,
onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə
üzvlərinin nəqliyyat və yükün daşınması xərcləri (onların xarici
dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat
xərcləri də daxil olmaqla) ticarət nümayəndəsinin aparatının xərclər
smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq
təsdiqedici sənədlər əsasında ödənilir.
4.2. Ticarət
nümayəndələrinə və onların aparatlarının işçilərinə ödənilən illik
məzuniyyət dövründə və ya onlarla birlikdə yaşayan ailə üzvlərindən
birinin ölümü ilə əlaqədar, ticarət nümayəndələrinin, onların
aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin
Azərbaycan Respublikasına gəlməsi və işlədiyi dövlətə qayıtması üçün
nəqliyyat xərcləri də bu Qaydanın 4.1-ci bəndinə uyğun qaydada ödənilir.
4.3.
Diplomatik nümayəndəliklərə təyin olunan, habelə orada fəaliyyətini
başa çatdırıb Azərbaycan Respublikasına qayıdan ticarət
nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə
yaşayan ailə üzvlərinin hər birinə müvafiq sənədlər əsasında 80 kq-dək
(yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) yükün aparılması
xərcləri ticarət nümayəndəsinin aparatının xərclər smetasında bu məqsəd
üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.
5. Yaşayış sahəsinin icarə xərcləri 5.1.
Ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla
birlikdə yaşayan ailə üzvlərinin təyin olunduqları diplomatik
nümayəndəliklərin yerləşdiyi ölkələrdə yaşayış sahəsi ilə təmin olunması
üçün ticarət nümayəndəsinin aparatının xərclər smetasında müvafiq
vəsaitlər nəzərdə tutulur.
5.2. Ticarət nümayəndələri, onların
aparatlarının işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri
tutduqları vəzifələr və yerli şərait nəzərə alınmaqla, diplomatik
nümayəndəliklərin yerləşdiyi ölkələrdə mebel avadanlıqları ilə təchiz
edilmiş yaşayış sahəsi ilə təmin olunurlar.
5.3. Ticarət
nümayəndələrinin və onların aparatlarının işçilərinin yaşayış sahəsi ilə
təminatı ticarət nümayəndəsinin aparatının xərclər smetasında qeyd
olunan məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində bu Qaydanın 3
nömrəli əlavəsi ilə müəyyən edilən normalar əsasında həyata keçirilir.
5.4.
Yaşayış sahəsinin icarə xərclərinin ödənilməsi ticarət nümayəndəsinin
aparatının xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər
dairəsində ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə icarədar
arasında bağlanılmış icarə müqaviləsi (ticarət nümayəndəsi tərəfindən
təsdiq edilmiş) əsasında bank vasitəsilə həyata keçirilir.
5.5.
Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin mənzilinin icarəsi
zamanı girov kimi depozitə qoyulmuş maliyyə vəsaitinin qaytarılması
təmin olunmadığı halda, həmin vəsait aidiyyəti ticarət nümayəndəsindən
və ya onun aparatının işçisindən tutulur.
5.6. Ticarət
nümayəndəsinin və onun aparatının işçilərinin yaşayış sahəsi üzrə
kommunal xidmətlərinin haqqı onların öz vəsaiti hesabına ödənilir.
5.7.
Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin yaşayış sahəsinin
icarəsi üçün ödənilən haqqın məbləği onların təyin olunduğu diplomatik
nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsində mövcud olan qiymətlərin
orta səviyyəsinə uyğun müəyyən edilir. Qiymətlərin orta səviyyəsinin
müəyyən edilməsi məqsədi ilə diplomatik nümayəndəliyin yerləşdiyi
yaşayış məntəqəsində yaşayış sahəsinin icarəsi ilə məşğul olan bir neçə
şirkətə (3 şirkətdən az olmamaq şərtilə) sorğu edilir.
5.8.
Yaşayış sahəsinin icarə müqaviləsi orada yaşayacaq ticarət nümayəndəsi
və ya onun aparatının işçisi tərəfindən bağlanılır. Bu müqavilə ticarət
nümayəndəsinin və onun aparatının işçisinin təyin olunduğu diplomatik
nümayəndəliyin yerləşdiyi ölkəyə gəldiyi tarixdən 15 gündən gec
olmayaraq bağlanılmalıdır. Həmin müddət ərzində mehmanxanadan istifadə
olunduqda, mehmanxana xərcləri həmin ölkə üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş mehmanxana xərcləri
normalarından artıq olmamalıdır. Qeyd olunan müddətdə müqavilə
bağlanılmadıqda, mehmanxana xərcləri ticarət nümayəndəsinin və onun
aparatının işçisinin vəsaiti hesabına ödənilir.
5.9. İcarə müqaviləsində, o cümlədən aşağıdakılar da nəzərdə tutulmalıdır:
5.9.1. icarə müqaviləsində icarəyə götürülən mənzilin yaşayış sahəsi göstərilməlidir;
5.9.2. icarəçi heç bir vergi ödəməməlidir;
5.9.3. xidməti zərurətlə əlaqədar icarəçinin icarə müqaviləsinə istənilən vaxt xitam verə bilmək səlahiyyətinə malikdir;
5.9.4. yaşayış yeri və oradakı mebel, inventar və digər avadanlıq icarədarın hesabına sığortalanmalıdır;
5.9.5.
mənzilin və oradakı mebel, inventar və digər avadanlığın təmir xərcləri
(təbii aşınma nəzərə alınmaqla) icarədar tərəfindən ödənilməlidir.
5.10.
Yaşayış yerinin və oradakı mebel, inventar və avadanlığın təbii
aşınması ilə əlaqədar olmayan təmir xərcləri ticarət nümayəndəsinin və
onun aparatının işçisinin vəsaiti hesabına ödənilir.
5.11. Ticarət
nümayəndəsinin aparatının işçisi icarə etdiyi yaşayış yerini icarədara
təhvil verərkən, icarədardan həmin işçiyə qarşı heç bir iddianın
olmadığı barədə yazılı təsdiqedici sənəd alaraq, ticarət nümayəndəsinə
təqdim etməlidir.
6. Məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı6.1.
Ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə birlikdə yaşayan
məktəbyaşlı ailə üzvlərinin təhsil haqqının ödənilməsi üçün tələb olunan
vəsaitlər ticarət nümayəndəsi aparatının xərclər smetasında nəzərdə
tutulur.
6.2. Məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı hər bir
məktəbyaşlı ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış
müqavilədə nəzərdə tutulan məbləğdə, lakin ayda 700 ABŞ dollarından çox olmamaq şərtilə ödənilir.
6.3.
Təhsil haqqı nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin
fərq ticarət nümayəndəsinin və onun aparatının işçisinin vəsaiti
hesabına ödənilir.
7. Digər təminatlar7.1.
Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin işlədikləri
dövrdə onlara və ya onunla birlikdə yaşayan ailə üzvlərinə öz xidməti
vəzifələrini yerinə yetirərkən dəymiş zərər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.
7.2.
Ticarət nümayəndəsinin, onun aparatının işçilərinin və ya onlarla
birlikdə yaşayan ailə üzvünün cəsədinin Azərbaycan Respublikasına
gətirilməsi xərcləri dövlət büdcəsi hesabına müvafiq qaydada ödənilir.
7.3.
Ticarət nümayəndəsinin aparatına ştatdankənar işçilərin işə qəbulu
zamanı ticarət nümayəndəsi və onun aparatının işçisi ilə birlikdə
yaşayan ailə üzvlərinə üstünlük verilir.
8. Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin bəzi xərclərinin tənzimlənməsi8.1.
Ticarət nümayəndəsinin aparatına ştatdankənar işçilərin işə qəbul
edilməsi bu məqsəd üçün xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər
dairəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə
razılaşdırılmaqla, ticarət nümayəndəsi və işçi arasında bağlanılmış
müqavilə əsasında həyata keçirilir. Ştatdankənar işçilərin aylıq
əməkhaqqı diplomatik nümayəndəliyin yerləşdiyi ölkədə mövcud olan orta
aylıq əməkhaqqından yuxarı səviyyədə olmamalıdır.
8.2. Ticarət
nümayəndəsinə və onun aparatının işçilərinə təhkim olunan xidməti minik
və digər avtonəqliyyat vasitələrinin say həddi (limiti) və onlar üçün
aylıq yürüş həddinin və istismar xərclərinin normaları bu Qaydanın 4
nömrəli əlavəsinə əsasən müəyyən edilir.
8.3. Ticarət
nümayəndəsinin və onun aparatının işçilərinin aldığı mallara və onlara
göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin geri
alınması ticarət nümayəndəsi tərəfindən müvafiq qaydada təmin edilir və
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə mütəmadi məlumat
verilir. Geri alınan əlavə dəyər vergisinin məbləği ticarət
nümayəndəsinin aparatının saxlanılması xərcləri üzrə sonrakı
maliyyələşmə zamanı nəzərə alınır.
8.4. Ticarət nümayəndəsinin
aparatının saxlanılması üçün tələb olunan vəsaitlərin
proqnozlaşdırılması, təsdiq edilməsi, xərclər smetası üzrə maliyyələşmə
və digər əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş
"Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi
Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, mərkəzləşdirilmiş qaydada aparılır.