Tbilisi şəhərində
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir
Həsənov və Türkiyə Respublikası Baş Qərargah rəisi ordu generalı Hulusi
Akar arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən
XəzərXəbər-ə verilən xəbərə görə, müdafiə sahəsində mövcud əməkdaşlığın daim inkişaf
etdiyini vurğulayan tərəflər iki ölkə arasında qarşılıqlı etimada
əsaslanan hərbi əlaqələrin bölgədə sülhün və sabitliyin, davamlı
inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından
mühüm rol oynadığını qeyd ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində Azərbaycanın ədalətli mövqeyinin
dəstəkləndiyi qeyd olunan görüşdə terrorizmə və separatizmə qarşı
mübarizə aparan ölkələr olaraq hərbi əməkdaşlığın inkişaf etdirilməsi və
bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.
Cənubi Qafqazda sabitliyin, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin edilməsində hər iki ölkənin Silahlı Qüvvələrinin
rolunun əhəmiyyətli olduğu bildirilib, ikitərəfli hərbi əlaqələrin
möhkəmlənməsi və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi
diqqətə çatdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil,
hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki
ölkə arasında keçirilən hərbi təlimlərə Gürcüstanın da cəlb olunmasının
əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər
barədə ətraflı fikir mübadiləsi aparılıb.