"Azərbaycan ənənəvi
olaraq MDB-nin işində iştirak etməyə çox böyük əhəmiyyət verir, bu
təşkilatın fəal üzvüdür və əmindir ki, MDB-nin böyük gələcəyi var”.
XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində MDB
Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu məkan müntəzəm surətdə fikir mübadiləsi aparmaq
imkanı verir:
"Mən çıxışımda əsasən humanitar xarakterli
məsələlərə toxunmaq istərdim. Azərbaycan beynəlxalq humanitar
əməkdaşlıqda mühüm rol oynayır. Bizim ölkədə müntəzəm surətdə beynəlxalq
xarakterli mühüm tədbirlər keçirilir. Onların arasında Rusiya və
Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və artıq ənənə
halı almış Bakı
Beynəlxalq Humanitar Forumunu xüsusi qeyd etmək istərdim. Deyə bilərəm
ki, bu Forum müəyyən mənada nadir, əsasən humanitar əməkdaşlıq,
konfessiyalararası dialoq, sivilizasiyaların dialoqu ilə bağlı
məsələlərə diqqət yetirən tədbirə çevrilib. Azərbaycanda həm də mütəmadi
olaraq Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum keçirilir. Bu
Forumun gündəliyi də Bakı
Humanitar Forumunun gündəliyi ilə təxminən eynidir. Beləliklə,
Azərbaycan hər il bu mövzularda diskussiyalar üçün məkana çevrilir.
Düşünürəm ki, multikulturalizm, konfessiyalararası dialoq ilə bağlı
məsələlər üzərində diqqətin cəmləşdirilməsinə yönəlmiş səylərin
birləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Həmçinin ötən il Bakıda BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Beləliklə,
bizim ölkəmiz humanitar xarakterli məsələlərin müzakirəsi üzrə dünya
mərkəzlərindən biri kimi artıq özünü tanıdıb.
Bizim indiyə qədər keçirdiyimiz və keçirməkdə olduğumuz idman tədbirlərini, xüsusən 2015-ci ildə Birinci Avropa Oyunlarını və bu il IV İslam
Həmrəyliyi Oyunlarını da bu məsələlərə aid etmək olar. İştirakçı
ölkələrin ümumi sayı 100-dən çox idi. Bu Oyunlar həm də
mədəniyyətlərarası, konfessiyalararası dialoqun yaxşı formatı oldu. İki
il ərzində eyni şəhərdə həm Avropa Oyunlarının, həm də İslam
Həmrəyliyi Oyunlarının keçirilməsi bizim iradəmizi, mədəniyyətlərarası
və dinlərarası dialoqa Azərbaycanın töhfəsini bir daha təsdiq edir”.
Prezident
bildirib ki, turizm ilə bağlı məsələlər xüsusən valyuta mədaxilləri
müəyyən dərəcədə azalmış ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar
neft-qaz resurslarına malik olan ölkələrdir: "Mən deyərdim ki, turizm
ixracın vacib istiqamətidir və burada, bizim bu məkanda turizmin
inkişafı, müəyyən birgə turizm marşrutları məsələlərinin müzakirəsi də
çox böyük əhəmiyyət kəsb edir.
Qeyd etmək istədiyim sonuncu mövzu
təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri ilə bağlıdır. Biz şadıq
ki, Azərbaycan bu istiqamətdə də risklərin azaldılması üçün imkan
yaradır. Xüsusi qeyd etmək istərdim ki, Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin birinci görüşü Bakıda
keçirilib. Biz şadıq ki, bu görüşün keçirilməsi üçün bizim ölkəmiz
seçilib. Biz məkan təqdim etdik, lakin belə bir görüşün Azərbaycanda
keçirilməsi faktının özü, əlbəttə, bizi sevindirir və həm də risklərin
azaldılması məsələsində Azərbaycanın oynadığı rolu göstərir. Rusiyanın
Baş Qərargah rəisinin və NATO-nun hərbi komandanlığının birinci görüşü də Bakıda keçirilib. Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq”.