Müdafiə naziri
general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş
hazırlığı planına əsasən Təlim və Tədris Mərkəzində birlik, birləşmə,
hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin
şəxsi heyətlə iş üzrə müavinlərinin, hüquq işləri üzrə köməkçilərin və
psixoloqların iştirakı ilə seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, tədbirdə "Yüksək hərbi intizamın əldə
olunmasında qarşıya çıxan problemlərin həlli yolları” mövzusunda çıxış
edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim
Vəliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Nazirlər Kabinetinin
son iclasındakı çıxışı ilə əlaqədar qeyd edib ki, ölkə başçısı ordu
quruculuğu məsələlərinə toxunaraq torpaqlarımızın sülh yolu ilə
düşməndən azad edilmədiyi təqdirdə ordumuzun mühüm döyüş tapşırığını
yerinə yetirməyə hazır olduğunu bildirib. Generalın sözlərinə görə
ordumuz 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, yenə də düşmən
üzərində qələbəmizi təmin etməyə qadirdir.
General-leytenant
K.Vəliyev əmin olduğunu bildirib ki, seminara cəlb olunan zabit heyəti
bundan sonra da öz vəzifə borclarını məsuliyyət hissi ilə yerinə
yetirəcək, Ali Baş Komandanın və müdafiə nazirinin şəxsi heyət
qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək
üçün var qüvvələrini əsirgəməyəcəklər. Müdafiə Nazirliyinin idarə rəisi
general-mayor Rasim Əliyev Silahlı Qüvvələrdə
nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlər və perspektivlər
barədə danışaraq hərbi bölmələrdə intizamın möhkəmləndirilməsi sahəsində
həyata keçirilən islahatlar və bu sahədə şəxsi heyətlə iş üzrə zabit
heyətinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.
Seminarda Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Rasim Kazımov, Bakı
Hərbi Məhkəməsinin hakimi Siyavuş Hacıyev, Müdafiə Nazirliyi Hüquq
İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyev və müxtəlif hərbi
hissələrin zabitləri çıxış edərək hərbi intizamın möhkəmləndirilməsinin
ordunun döyüş qabiliyyətinə təsir edən başlıca amillərdən olduğunu qeyd
edib, həmçinin mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.