Xəzər Xəbər

Kataloniya referendumu: “Qoca qitə” dilemma qarşısında

Gündəm | 15:45 • 10 Oktyabr 2017
Kataloniya referendumu: “Qoca qitə” dilemma qarşısında

İspaniyanın Kataloniya əyalətində müstəqillik barədə referendum keçirilməsi Avropada cavabsız suallar meydana gətirib. Mütəxəssislər baş verən hadisələrin müxtəlif səbəblərini göstərirlər. Onlar məsələyə daha çox Avropada siyasi-ideoloji situasiyanın kəskinləşməsi və faktiki olaraq, bu sahədə böhranın yaranması aspektində yanaşırlar. Vurğulanır ki, Aİ-də mövcud siyasi elita cəmiyyətə nəzarət edə bilmir. Özü başqalarına demokratiya dərsi keçir, daxilində nəinki antidemokratik davranır, hətta sərt zorakılığa belə əl atır. Bu, nəyi ifadə edir? İkili standartımı? Bəlkə, ümumiyyətlə, Avropada demokratiya tənəzzülə uğrayır? Bu kimi sualları mütəxəssislər qaldırır. Cavablar fərqlidir. Lakin onların böyük əksəriyyəti "Qoca qitə”nin siyasi, ideoloji, mənəvi və geosiyasi böhrana düçar olduğu tezisini qəbul edirlər. Bu problemlərin işığında Kataloniya referendumuna təhlili nəzər salmağa ehtiyac görürük.

Mürəkkəb seçim: parçalanma, yoxsa inteqrasiya?

İspaniyanın tarixi Kataloniya bölgəsindəki referendum bütün Avropanı silkələyir. Katalonlar özlərini ispan hesab etmirlər. Hazırda onlar millət kimi rəsmən tanınıb. Onların öz muxtar qurumları var. Katalonlar Fransada da yaşayırlar. Bütövlükdə Kataloniya həmişə müstəqil dövlət olmağa can atıb. Son olaraq, 2014-cü il aprelin 13-də İspaniya parlamenti Kataloniyaya müstəqilliklə bağlı referendum keçirməyi qadağan edib. 2014-cü ilin noyabrın 9-da katalonlar arasında keçirilən sorğuda isə respondentlərin 80%-i müstəqilliyə "hə” deyib. Nəhayət, qoyulan qadağalara, tətbiq edilən zorakılığa baxmayaraq, katalonlar 2017-ci il oktyabrın 1-də referendum keçiriblər.

Müstəqillik referendumunda 2 milyon 200 min insan iştirak edib. Onların əksəriyyəti – 90%-i İspaniyadan ayrılmağın lehinə səs verib. İspaniya polisi prosesə çox sərt müdaxilə edərək yüzlərlə insanı həbsə atıb. Bütövlükdə 800-dən çox adam xəsarət alıb. Barselonanın küçələrində toqquşmalar xeyli davam edib. Hətta katalonlar səsvermə qutularını ələ keçirərək daha təhlükəsiz yerlərdə səs veriblər. Lakin mərkəzi hakimiyyət referendumun qadağan olunduğunu və baş tutmadığını bəyan edib. Buna görə də onun nəticələrinin tanınmasından söhbət gedə bilməz.

Maraqlıdır ki, mütəxəssislər Kataloniya hadisələrini ümumən Avropadakı siyasi-ideoloji situasiya ilə əlaqələndirirlər. Kataloniya referendumunun səbəblərinə gəldikdə isə, heç də bütün ekspertlər katalonları qınamır. Onların bir qismi hesab edirlər ki, Avropada hazırda siyasi-ideoloji böhran yaşanır. İnsanlar mövcud siyasi elitanı qəbul etmir, buna görə də müxtəlif formalarda etirazlarını bildirirlər. Bunun əyani təzahürü kimi Avropanın bir neçə aparıcı dövlətində sağçı partiyaların getdikcə daha çox nüfuz qazanması göstərilir. O cümlədən Almaniyada ifrat sağçı qüvvələrin parlamentə düşməsi bu faktorla izah edilir.

Həmin prizmadan baxdıqda, Kataloniyada referendumun keçirilməsinin İspaniyanın daxilindəki sosial-iqtisadi problemlərdən qaynaqlandığını söyləmək mümkündür. Baş nazir Mariano Raxoy hökuməti sosial-iqtisadi çətinliklərin xeyli hissəsini aradan qaldıra bilməyib. İspaniya Aİ-də daha dərin iqtisadi və maliyyə böhranı keçirən ölkələrdən biridir.

Buna baxmayaraq, ekspertlər Kataloniyada həyat səviyyəsinin yüksək olduğunu vurğulayırlar. Hər bir halda onlar İspaniyanın digər əyalətləri ilə müqayisədə daha çox inkişaf ediblər. Bu faktordan çıxış edərək, Barselonadakı hadisələrin kənardan qızışdırıla biləcəyi haqqında fikir irəli sürürlər. Dünya sanki getdikcə daha geniş miqyasda separatizm xəstəliyinə düçar olur. Həmin müstəvidə Kataloniyadakı referendumun mümkün geosiyasi nəticələri haqqında indidən proqnozlar verilir (bax: məs., Ripples from Catalan referendum could extend beyond Spain / "theguardian.com”, 2 oktyabr 2017).

Böyük Britaniyanın "The Guardian” nəşri vurğulayır ki, Kataloniya referendumu bütövlükdə Avropa İttifaqında "yeni separatçılıq dalğası yarada bilər” (bax: əvvəlki mənbəyə). Məsələ Aİ üçün iki aspektdən aktual və düşündürücüdür. Birincisi, avropalı ekspertlər sual edirlər ki, İspaniya hökumətinin davranışları nə dərəcədə demokratik prinsiplərə uyğundur. İkincisi, separatizmin bütün Avropaya yayılması üçün siyasi, iqtisadi, sosial, mədəni və ideoloji zəmin mövcuddurmu?

İkili standartlar: başqalarına ağıl öyrədənlərin çətin vəziyyəti

Avropalılar Belçikanın baş naziri Şarl Mişelin bir fikrini nümunə kimi göstərirlər. O, Twitter-də yazıb: "Zorakılıq heç zaman cavab olmayacaq”. Yəni İspaniya mərkəzi hökumətinin tətbiq etdiyi polis gücü Avropanın demokratik dəyərlərinə uyğun deyil. Lakin rəsmi Madridi heç kim ciddi şəkildə qınamır, onun bu cür davranışları etməməsini tələb etmir. Nəticədə, ekspertlərə görə, Avropada separatizmin qarşısının alınması üçün bütün vasitələrdən istifadə etməyə yaşıl işıq yandırıldığını qeyd etmək mümkündür. Bu da o deməkdir ki, BMT-nin Nizamnaməsində yer almış sivil üsulla öz müqəddəratını təyinetmə hüququna "Qoca qitə”də əməl etmək fikrində deyillər.

Təbii ki, bu cür yanaşma başqalarına ağıl öyrətməyə çalışan Qərb üçün bir qədər təəccüblüdür. Ancaq mütəxəssislər burada bir sıra maraqlı məqamları vurğulayırlar. Həmin məqamlar yuxarıda bizim qoyduğumuz ikinci suala cavabla bağlıdır. Məsələ ondan ibarətdir ki, avropalı analitiklər və ekspertlər siyasi-ideoloji sahədə ciddi problemlərin mövcudluğundan bəhs edirlər. Əslində, Avropada separatçılıq hansısa ölkəni parçalamaq üçün genişlənmir. Almaniyada, İtaliyada, Fransada, Belçikada və başqa Aİ ölkələrində insanlar daha çox mövcud idarəetmə üsuluna qarşı çıxırlar. Onlar siyasi elitanın dəyişməsini tələb edirlər. Konkret desək, Avropada hakim sağ və sol mərkəzçi partiyaların cəmiyyətlərdəki vəziyyətə real olaraq nəzarət edə bilmədiyindən danışmaq olar (bax: əvvəlki mənbəyə).

Bunun nəticəsində hər iki düşərgədə radikal və ifrat ideoloji konseptlərə maraq artır. Xüsusilə gənclər ultramillətçi ideoloji elementlərin təsiri altına düşürlər. Bu prosesi İtaliyada, Avstriyada, Belçikada, Almaniyada, Hollandiyada müşahidə etmək mümkündür. Təbii ki, bu dalğa siyasi proseslərə təsirsiz ötüşmür. Ona müxtəlif reaksiyalar olur. Separatizmin alovlanması da həmin reaksiyalardan biridir. Onda Aİ çərçivəsində meydana xeyli sayda hüquqi, siyasi və mənəvi problemlər çıxır. Çünki özünü göstərən radikalizmin qarşısının hansı demokratik üsulla alınması məsələsi açıq qalır.

Buna görədir ki, Brüssel, faktiki olaraq, İspaniya hökumətinin atdığı sərt addımlara qarşı loyal davranır. Əgər bu hadisələr hər hansı müsəlman ölkəsində olsaydı, indi Qərbdə əməlli-başlı kampaniya aparılardı. Həmin müsəlman ölkəsini dünyanın bütün günahlarını işlətməkdə ittiham edərdilər. Və tələb edərdilər ki, separatçıların hüquqlarını təmin etsinlər. Əks halda, müsəlman ölkəsi antidemokratik adlandırılacaq, onun başçısına diktator, tiran, müstəbid damğası vurulacaqdı və s. Bunu təsdiq edən kifayət qədər dəlil-sübut vardır.

Bunlarla yanaşı, Kataloniya referendumu fonunda məsələnin başqa geosiyasi məqamları da maraqlıdır. Aydın görünür ki, dünyanın müxtəlif regionlarında separatizm dalğası getdikcə güclənir. Bunun əsas səbəblərindən biri də illərdir həll edilməyən Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq təşkilatların, böyük dövlətlərin, vasitəçi kimi çıxış edənlərin ikili standartlarla yanaşmasından və biganəliyindən ibarətdir. Çünki uzun müddətdir ki, erməni separatizmi və terroru Avropanın, Asiyanın müəyyən paytaxtlarından dəstək görür, hətta milyonlarla maliyyə yardımı alır, başqa regionlardakı separatçılar da bundan ruhlanırlar. Eyni dəstəyin onlara da göstərilməli olduğuna dərindən inanırlar.

Budur, Yaxın Şərqdə, Avropada, Asiyanın bir sıra ölkələrində separat tələblər getdikcə yüksəlir. Bu gün İspaniyadır, sabah Almaniya, yaxud Fransa ola bilər, Rusiya və ya Çində separatizm baş qaldırar, İran silkələnə bilər. O zaman, indi İspaniya necə separatizmə nifrət edirsə, sadalanan ölkələr də eyni əhval-ruhiyyədə olacaqlar. Onlar öz ərazi bütövlüklərini qorumaqda tam qərarlıdırlar.

Ancaq onda gec olmayacaq ki? Həm də əgər siyasətdə ədalətli olmursansa və ikili standartlarla hərəkət edirsənsə, onun zərəri qayıdıb özünə dəyməli deyilmi? Belə çıxır ki, Dağlıq Qarabağda azərbaycanlıların hüquqlarının pozulmasına göz yumanlar, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ikili mövqe tutanların özləri eyni situasiya ilə qarşılaşmalıdırlar.

Uduzan isə hər kəs ola bilər. Ümumiyyətlə, milli dövlətçilik fəlsəfəsinin böhrana düşə biləcəyi təhlükəsi yaranır. Ola bilər ki, o mərhələdə hətta böyük dövlətlər sırasında Bakıdan vasitəçi olmağı xahiş edənlər tapılsın!

Newtimes.az

Xəbər lenti

Çox oxunanlar