Xəzər Xəbər

Havaların soyuması Ermənistan ordusunda intiharları artırıb

Gündəm | 14:22 • 10 Oktyabr 2017
Havaların soyuması Ermənistan ordusunda intiharları artırıb

Ermənistan silahlı qüvvələrində hökm sürən acınacaqlı vəziyyət havaların soyuması ilə əsgərlər üçün daha da dözülməz həddə çatıb. İstilik sistemlərindən məhrum olan, soyuq hava şəraitində xidmətin çətinliklərinə dözə bilməyən işğalçı ordunun əsgərləri arasında özünəqəsd halları artıb.

XəzərXəbər xəbər verir ki, bir neçə gün əvvəl yeddinci dağatıcı alayının hərbi qulluqçusu Aron Harutunyan xidməti vəzifəsini yerinə yetirməkdən imtina etdiyinə görə barəsində cinayət işi açılıb.

Beşinci dağatıcı alayında müqavilə əsasında xidmət edən Qurqen Qalustyan isə hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində axtarış elan edilib. Hərbi polisin təzyiqlərinə məruz qalan hərbçinin valideynləri övladlarının taleyindən xəbərsiz olduqlarını bildiriblər.

Altıncı dağatıcı alayın hərbi qulluqçusu isə postda və blindajdakı soyuq şəraitdən bezərək xidmətdən yayınmaq üçün özünə qəsd edib. Yarası ağır olmadığına görə o, alayın tibb məntəqəsində saxlanılır. Məsələni böyütməmək üçün susmağa razılaşan əsgər barəsində cinayət işi açılmayıb.

Hərbi hissələrdə mövcud özbaşınalıq, yerlibazlıq, "dedovşina” ilə bərabər artıq işğalçı ordunun şəxsi heyəti soyuqla da təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıb. Soyuqların düşməsi ilə onsuz da pis olan vəziyyət daha da ağırlaşıb.

Övladları ilə əlaqə yaratmağa nail olan ermənistanlı analar bildiriblər ki, soyuqların düşməsi və yağışların yağması ilə səngərlər su ilə dolub. Dağlıq ərazilərdə və hündürlüklərdə yerləşən postlar daha bərbad vəziyyətdədir. Texnika nasaz vəziyyətdə olduğundan təminat gecikir, gecə qaranlıqda növbə çəkənlərin gözlərinə daim düşmən, basqın görünür, qorxudan tez-tez həyəcan siqnalı verirlər. Valideynlər hiddətlə bildirirlər ki, əsgərlər əl altında olan vasitələrdən sadə üsulla soba qurmağa çalışsalar da, yanacaq çatışmır.

Əsgərlərdən biri valideynlərinə yazıb ki, iş o həddə çatıb ki, Ağdərədə əsgər yoldaşları tərəfindən döyülərək hospitala yerləşdirilən Arsen Aloyanın tibb müəssisəsində isti yerdə yatmasına digər hərbçilər həsədlə baxırlar.

Xəbər lenti