"Doqquz ayda həm Bakıda,
həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib.
Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini
daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan
verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə
olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında
düşünməliyik”.
XəzərXəbər-in xəbərinə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı
bildirib ki, əsas infrastruktur layihələri 9 ayda uğurla icra edilibdir.
Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma
ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir:
"Bunlar
özlüyündə çox gözəl göstəricidir. Elektrik enerjisi ilə təminat
yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir.
Meliorasiya məsələləri öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd
qoyulmuşdur ki, bu günə qədər suvarılmayan, yaxud da ki, suvarılması
zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri
quraşdırılsın. Əminəm ki, biz bu rəqəmə ilin sonuna qədər çatacağıq.
Mənə
verilən məlumata görə, bu ilin əvvəlindən bəri 50 min hektardan çox
torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin
edilmişdir. Qalan iki ay yarım ərzində bütün işlər başa çatmalıdır.
İnfrastruktur layihələrimizin uğurlu icrası ümumi iqtisadi inkişafa,
regionların inkişafına təkan verir. Əlbəttə ki, bu günə qədər həyata
keçirə bilmədiyimiz infrastruktur layihələrini növbəti illərdə də biz
tam icra etməliyik. Sosial infrastrukturla bağlı siyasətimiz uğurla
aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib.
Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir
edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir”.
İlham Əliyev qeyd edib ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir: "Bu il tarixi hadisə baş verib. Cocuq Mərcanlı
kəndi bərpa edilib, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət
qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir.
Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə
bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı
kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir. Eyni zamanda,
digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda,
Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il
minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn
il də davam etdiriləcək.
Hələ ki, ağır vəziyyətdə yaşayan
köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə
öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət
tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir. Bu il beynəlxalq
arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz
çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu
münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya
miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici
siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən
böyük rəğbətlə qarşılanır”.
Bu ilin doqquz ayında xarici ölkələrə
14 dəfə səfər etdiyini xatırladan prezident bildirib ki, hələ ilin
qalan hissəsində də səfərlər nəzərdə tutulur: "Bu səfərlərin hər biri
ölkəmiz üçün faydalı olmuşdur. Azərbaycan öz mövqeyini birbaşa xarici
tərəfdaşlara çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə
etdiyim çıxışlar Azərbaycanın siyasətini əks etdirir, əldə etdiyimiz
uğurları, eyni zamanda, Dağlıq Qarabağ
problemini də bir daha dünya ictimaiyyətinə çatdırır. Ölkəmizə isə bu
il ondan çox dövlət və hökumət başçısı gəlmişdir. İlin sonuna qədər yenə
də səfərlər gözlənilir. Yəni, bizim beynəlxalq əlaqələrimiz
çoxşaxəlidir. Xarici siyasətimiz milli maraqlarımızı təmin edir və
beynəlxalq arenada Azərbaycan, bir daha demək istəyirəm ki, böyük
hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir”.