Xəbər verdiyimiz kimi,
bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası
keçirilib.
XəzərXəbər xəbər verir ki, bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli
inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini
deyən Prezident İlham Əliyev
iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğuladı. Dövlətimizin
başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz
artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi
olduğunu bildirdi. Qeyd etdi ki, bu dövrdə qeyri-neft sektorunun sənaye
hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib,
xarici ticarət dövriyyəsi 7 faiz artıb. Prezident İlham Əliyev vurğuladı ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub.
"Biz
uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, - deyən dövlətimizin
başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri
olduğunu bildirdi. Vurğuladı ki, 4,5 milyard dollar həcmində artan
valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir.
Prezident İlham Əliyev
bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini,
doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirdi. Ötən dövrdə
ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su,
qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı
layihələrin uğurla icra olunduğunu deyən dövlətimizin başçısı vurğuladı
ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına
və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir. Bu ilin ötən
dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib.
İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların
mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub.
Cocuq Mərcanlının
bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə
adlandıran dövlətimizin başçısı 2017-ci ildə də məcburi köçkünlərin yeni
mənzillərlə təmin ediləcəyini və bu layihənin gələn il də davam
etdiriləcəyini bildirdi, indiyədək 250 mindən çox soydaşımızın dövlət
tərəfindən mənzillərlə təmin olunduğunu qeyd etdi.
Prezident İlham Əliyev bildirdi ki, bu ilin doqquz ayında ölkəmizdə idman sahəsində böyük uğurlar qazanılıb, İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub.
Dövlətimizin
başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada mövqelərimizin
möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını
vurğuladı, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox
dövlət və hökumət başçısının isə ölkəmizə gəldiyini dedi və hər bir
səfərin ölkəmiz üçün faydalı olduğunu vurğuladı.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev
bu məsələdə mövqeyimizin dəyişməz qaldığını, ərazi bütövlüyümüzün
danışıqlar predmeti olmadığını bildirdi. Qeyd etdi ki, Azərbaycan öz
torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dövlətimizin başçısı onu da vurğuladı ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi.
Prezident İlham Əliyev dedi ki, bu ilin doqquz ayında ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş verib. Ötən ay "Azəri”, "Çıraq” və "Günəşli”
yataqları üzrə yeni Saziş imzalanıb, "Cənub Qaz Dəhlizi” layihəsi ilə
bağlı işlər də uğurla gedir. Əsas məqsədin qeyri-neft sektorunun
inkişafı olduğunu deyən dövlətimizin başçısı neftdən gələn gəlirlərin
insan kapitalının inkişafına yönəldiyini diqqətə çatdırdı.
Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının olacağını deyən Prezident İlham Əliyev
bildirdi ki, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda
təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır və dünyada
ölkəmizin mövqeyinin daha da güclənməsinə töhfə verir.
Dövlətimizin
başçısı diqqətə çatdırdı ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi
islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait
yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya
təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor
tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı,
ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.
Bu ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən Prezident İlham Əliyev
bildirdi ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos
Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən
35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
Sonra təhsil naziri Mikayıl Cabbarov, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı
Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bu ilin doqquz
ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzələrlə
çıxış etdilər.
Müşavirəyə yekun vuran Prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlərin həllini tapacağını dedi. Prezident İlham Əliyev gələn ilin dövlət investisiya proqramı ilə bağlı təkliflər gəldiyini vurğuladı, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramının qəbul edilməsinin mümkünlüyünü bildirdi.
Ölkəmizdə
sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə, iş adamlarına verilən
güzəştli kreditlərə toxunan dövlətimizin başçısı bildirdi ki,
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin sonunadək
kreditləşməni təmin etməlidir.
Bu ilin doqquz ayında ölkədə yol infrastrukturu ilə bağlı çox mühüm layihələrin icra edildiyini vurğulayan Prezident İlham Əliyev
dedi ki, bu layihələr bölgələrimizin turizm sektorunun inkişafına təkan
verəcək. Gələn il daha çox kənd yolu inşa ediləcək. Bundan əlavə, bu il
150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100
min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını
təmin edəcək.
Prezident İlham Əliyev
fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi
istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik
mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir
istixana komplekslərinin salındığını bildirdi.
Bölgələrdə müasir
sənaye zonalarının yaradıldığını da deyən dövlətimizin başçısı ölkəmizin
ixrac potensialını təbliğ etmək üçün sərgilərdə, beynəlxalq tədbirlərdə
fəal iştirak etməyin əhəmiyyətinə toxundu.
Prezident
tikinti sektorunda canlanmanın olduğunu, hazırda paytaxtımızda 95
yaşayış binasının tikildiyini, yarasız vəziyyətdə olan binaların yerində
müasir yaşayış komplekslərinin inşa olunduğunu dedi.
"ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini deyən Prezident İlham Əliyev "ABAD mərkəz”lərin yaradılmasının əhəmiyyətinə də toxundu, turizm sahəsində sürətli inkişafın olduğunu bildirdi.
Azərbaycanda
ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün
nümunə olduğunu deyən dövlətimizin başçısı bu ilin sonunadək və gələcək
illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.