Azərbaycan prezidenti:
“Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”
Gündəm
|
13:24 • 9 Oktyabr 2017
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
XəzərXəbər-in məlumatına görə, bu ilin doqquz ayında ölkəmizin uğurla və
hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin
edildiyini deyən prezident İlham Əliyev iqtisadi göstəricilərimizin
müsbət olduğunu vurğulayıb.
Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz
artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi
olduğunu bildirib. Qeyd edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye
hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib,
xarici ticarət dövriyyəsi 7 faiz artıb. Prezident İlham Əliyev
vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard
dollar səviyyəsində olub. "Biz uzunmüddətli dayanıqlı inkişaf barədə
düşünürük” deyən dövlət başçısı iqtisadi imkanlarımızın
müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirib. Vurğulayıb
ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın
ən uğurlu məsələlərindən biridir.
Prezident İlham Əliyev bu dövrdə yeni iş yerlərinin yaradılması
prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin
yaradıldığını bildirib. Ötən dövrdə ölkədə əsas infrastruktur, o
cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik
enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra
olunduğunu deyən dövlət başçısı vurğulayıb ki, bu cür tədbirlərin həyata
keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi
tərəqqisinə təkan verir: Bu ilin ötən dövründə yeni məktəblər, tibb
ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi
köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin
edilmələri məsələsi də diqqət mərkəzində olub”.
Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun
yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı 2017-ci ildə də
məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini və bu layihənin
gələn il də davam etdiriləcəyini bildirdi, indiyədək 250 mindən çox
soydaşımızın dövlət tərəfindən mənzillərlə təmin olunduğunu qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bu ilin doqquz ayında ölkəmizdə
idman sahəsində böyük uğurlar qazanılıb, İslam Həmrəyliyi Oyunları
yüksək səviyyədə təşkil olunub.
Dövlət başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada
mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş
kimi tanındığını vurğulayıb, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər
etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə ölkəmizə gəldiyini
dedi və hər bir səfərin ölkəmiz üçün faydalı olduğunu vurğulayıb.