ABŞ-ın "News Blaze”
nəşrində amerikalı jurnalist və publisist Nurit Qrinqerin
"Azərbaycan-Ermənistan: mənasız münaqişə” sərlövhəli məqaləsi dərc
edilib.
XəzərXəbər AzərTAc-a istinadən xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad edilməsindən, məcburi köçkünlərin tarixi torpaqlarına qayıtmalarından bəhs edilir.
Münaqişənin tarixi və onun həlli istiqamətində davam edən danışıqlardan söz açan xanım Qrinqer yazır ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan müzakirələr hələ də sülh sazişinin bağlanmasına gətirib çıxarmayıb. Təəssüf ki, Ermənistan istənilən ağıllı danışığa qərəzli yanaşır və danışıqları qulaqardına vurur. Ermənistan silahlı birləşmələri işğal edilmiş Dağlıq Qarabağda hər gün qoşunların təmas xəttini atəşə tuturlar.
Müəllif
qeyd edir ki, müsəlman əhalisinin üstünlük təşkil etdiyi Azərbaycan bir
çox etnik və dini qrupların nümayəndələrinin dinc yanaşı yaşadığı
sülhsevər ölkədir. Ermənistanda isə yanaşı yaşamağa başqa münasibət bəslənilir. Ermənistan
münaqişəni uzatmağa çalışır və daim Azərbaycanı hərbi əməliyyatların
gərginləşməsinə təhrik edir. Buna misal olaraq, 2016-cı ilin aprelində Ermənistan
silahlı qüvvələrinin dördgünlük müharibəni qızışdırmasını, nəticədə
Azərbaycan Ordusunun strateji yüksəkliyi azad etməsini və məcburi
köçkünlərin Cocuq Mərcanlıya
təhlükəsiz qayıdışını təmin etməsini göstərmək olar. Bu müharibə
nəticəsində Azərbaycan qoşunları Lələtəpə yüksəkliyinə nəzarəti bərpa
ediblər. Bu, cəbhə xəttini Cocuq Mərcanlıdan
bilavasitə ayırmağa və kəndə təhlükəsiz yolu təmin etməyə imkan verib.
Nəticədə məcburi köçkünlər 23 il əvvəl dağıdılmış evlərinə ilk dəfə gedə
biliblər.
Bu il Azərbaycan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı
kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci
mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq
infrastrukturun tikintisi üçün vəsait ayırıb. Hazırda 100 ailə üçün 100
ev tikilir.
Münaqişənin hüquqi aspektlərindən bəhs edən Qrinqer yazır ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın
öz qoşunlarını Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarmasını tələb
edən dörd qətnaməsi mövcuddur. O vurğulayır ki, Azərbaycan Ordusu
1993-cü ildə olduğundan xeyli güclüdür və öz torpaqlarının hər qarışını
geri qaytara bilər.
Məqalənin sonunda Qrinqer münaqişənin tezliklə həllinə və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasına ümidvar olduğunu bildirir.