"Mövcud problemləri, həllini tapmayan məsələləri aradan qaldırmaq üçün tam gücümüzlə çalışırıq və çalışacağıq"
Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa
olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində çıxışı zamanı
deyib.
Birinci vitse-prezident qeyd edib ki, Azərbaycan bu gün güclü və
qüdrətli müstəqil dövlətdir: "Bizim müstəqil siyasətimiz var. Azərbaycan
bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir. Bütün ölkədə
geniş şəkildə quruculuq işləri aparılır. Bakının müasirləşməsi, paytaxtımızın gözəlliyi, təmizliyi, abadlığı barədə təkcə Azərbaycanda yox, xaricdə də danışırlar. Təkcə Bakı
deyil, hər bir rayonda, hər bir regionda inkişaf gedir. Yeni məktəblər,
xəstəxanalar, idman kompleksləri tikilir, yollar salınır, qazlaşdırma
aparılır, insanları narahat edən məsələlər aradan qaldırılır, yeni
imkanlar açılır”.
Mehriban Əliyeva
deyib ki, son illər ölkəmizdə turizmin inkişafı üçün böyük işlər
görülür. Bu sahədə də böyük irəliləyiş var: "Bir neçə gün bundan əvvəl
dövlətimizin başçısı Şamaxı
rayonunda bir neçə yeni obyektin, yeni yolların açılışlarında iştirak
etmişdir, Dəmirçi kəndində yenidən inşa olunmuş turizm infrastrukturu
ilə tanış olmuşdur. Həmin kənddə bərpa olunmuş qədim məscidi ziyarət
etmişdir və yeni yolun – Dəmirçi kəndi ilə Lahıc qəsəbəsini birləşdirən
yeni, daha qısa məsafəli, cəmi 22 kilometr uzunluğunda olan yolun
salınması üçün bütün lazımi göstərişləri vermişdir.
Ondan əvvəlki həftədə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş mərasimdə Prezident
ölkəmizin idman sahəsində qazandığı nailiyyətlər barədə geniş məlumat
vermişdir. Mən əminəm ki, bunu siz hamınız yaxşı bilirsiniz. Bizim
xalqımız, bizim idmançılarımız digər sahələrdə olduğu kimi, idman
sahəsində də böyük qələbələrə imza atıblar. Biz 2015-ci ildə birinci Avropa Oyunlarını böyük uğurla keçirmişik. Bu il İslam Həmrəyliyi Oyunlarını keçirmişik. Bizim idmançılarımız son Olimpiya Oyunlarında
18 medal qazanıblar, Azərbaycanın bayrağını ucaldıblar. Budur bizim
nailiyyətlərimiz. Bu sahədəki nailiyyətlərimiz dünyanın bütün idman
ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir və ölkəmiz bir
nümunə kimi təqdim olunur”.
Birinci vitse-prezident əlavə edib: "Ondan əvvəl isə Bakıda
"Əsrin kontraktı”nın yeni mərhələsinin imzalanması mərasimi
keçirilmişdir. Bu kontraktın uzadılması ölkəmizin hərtərəfli inkişafına
güclü təkan verəcək. Bu, nə deməkdir? Bu, o deməkdir ki, yeni
infrastruktur yaradılacaq, yeni iş yerləri açılacaq, ölkəmizə yeni
sərmayələr gələcək, insanları narahat edən problemlər yenə də aradan
qaldırılacaq. Bir sözlə, bu gün Azərbaycan inkişaf və tərəqqi yolu ilə
irəliləyir. Bizim müstəqil siyasətimiz davam edəcək. Biz öz
nailiyyətlərimizi görürük, öz gücümüzü dərk edirik. Biz onu da yaxşı
başa düşməliyik ki, əgər dostlarımız, tərəfdarlarımız nailiyyətlərimizə
sevinirlərsə, düşmənlərimiz heç də sevinmir və hər cür çirkin əməllərə
əl atırlar. Amma biz bundan qorxmuruq, biz öz yolumuzla gedirik. Bir
daha qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev üçün Azərbaycanın və Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür və biz bu yoldan dönməyəcəyik.
Eyni zamanda, mövcud problemləri, həllini tapmayan məsələləri də biz
yaxşı bilirik və bunları aradan qaldırmaq üçün tam gücümüzlə çalışırıq
və çalışacağıq. Mən əminəm ki, bütün arzularımıza nail olacağıq. Çünki
bunun üçün bütün amillər – müstəqil siyasət, xoş niyyət, iqtisadi
potensial və ən əsası xalqın inamı və dəstəyi var. Bir daha deyirəm ki,
sizin dəstəyinizlə və Allahın köməyi ilə biz bütün arzularımıza nail
olacağıq".