Xəzər Xəbər

DİM: Müəllimlik ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir

Gündəm | 14:21 • 5 Oktyabr 2017
DİM:

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü dünyanın bir sıra ölkələrində olduğu kimi respublikamızda da geniş qeyd olunur.

XəzərXəbər xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) peşə bayramı münasibətilə müəllimləri təbrik edib. Təbrikdə deyilir: "Hər bir insanın məktəb illərinə dair xatirələrində ən əziz yeri, əlbəttə ki, bizə sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən hörmətli müəllimlərimiz tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir. Bu gözəl və şərəfli peşənin dəyərini bilən insanlar hər zaman müəllimlərə hörmətlə yanaşıblar. Məhz müəllim əməyinin nəticəsində inkişaf etmiş cəmiyyətin formalaşmasına, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanların yetişməsinə nail olmaq mümkündür.

DİM fəaliyyəti boyunca daim müəllimlərlə birgə işləyib. Təsadüfi deyil ki, bu gün artıq imtahanların təşkili və idarəedilməsi işinə cəlb olunan 15 minədək nəzarətçi-müəllim, imtahan materiallarının, qəbul proqramlarının, elmi-metodik nəşrlərin hazırlanmasında iştirak edən 5 minədək ekspert-müəllim bizimlə əməkdaşlıq edir və bizimlə bir yerdə təhsilin, elmin, biliyin daha da çiçəklənməsi işinə öz töhfələrini verməkdə davam edirlər.

Dövlət İmtahan Mərkəzi olaraq biz də bütün müəllimləri bu əlamətdar gün münasibətilə təbrik edir, onlara şərəfli və çətin peşələrində uğurlar arzulayırıq.”

Xəbər lenti