"Burada Avropa Şurasından çıxmaq
məsələsinə toxunuldu. Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı
tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir
bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və
istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə
reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə
almalıdır. Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də
müsbət deyil"
Bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib.
Dövlətimizin başçısı Avropa
Şurası ilə bağlı ictimai rəyin elə də müsbət olmamasının bir neçə
səbəbinin olduğunu vurğulayıb: "Birincisi, bu təşkilata üzv olarkən
bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa
Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da.
İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk
rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və
2001-2003-cü illərdə Azərbaycanın Avropa
Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik
etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada
Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət
olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana
olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim
saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi,
terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi,
digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə
milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı”.
Prezident İlham Əliyev deyib: "Təəssüf ki, son vaxtlar Avropa
Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər.
Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə
hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər,
jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi,
onlar üzv ölkələrlə bağlı Avropa
İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin
etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya
sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili
standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa
Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o
qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə,
olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü
hücum məyusluq yaradır və "bizim o təşkilatda nə işimiz var kimi”
fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün
biz konstruktiv qaydada çalışmalıyıq”.
Avropa Komissiyası və Avropa
İttifaqı ilə əlaqələrin möhkəmləndirilməli olduğunu diqqətə çatdıran
dövlətimizin başçısı bildirib ki, bu, bizim üçün prioritetdir. "Biz
artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa
Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç
nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də
yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da
diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata
keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik”, - deyə Prezident İlham Əliyev bildirib.