"Bizə belə gəlir ki, Ermənistan
danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların
danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə
səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif
mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü
belə apara bilməz"
Bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib.
Prezident
bildirib ki, onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə
aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra
onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu
gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır.
Bir neçə gündən sonra ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyini deyən Prezident İlham Əliyev
görüş zamanı gələcək danışıqların, habelə prezidentlər səviyyəsində
mümkün görüşün müzakirə ediləcəyini diqqətə çatdırıb. Dövlətimizin
başçısı deyib: "Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də Şərq
Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki,
postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa
Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə,
biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik.
Bu səbəbdən, Dağlıq Qarabağla
bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin
aydın ifadə olunması çox vacibdir. Ümumilikdə isə bütün beynəlxalq
formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz ondan
ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma olmalıdır. Bütün
ölkələrin ərazi bütövlüyü məsələsinə gəldikdə, biz hər bir dövlətin
ərazi bütövlüyünü tanıyırıq və bu mövqe tərəfimizdən BMT Baş Assambleyasında və Avropa
Şurasında keçirilən səsvermələrdə açıq ifadə olunur. Bu, bizim üçün
sual deyil, biz istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşırıq.
Bundan əlavə, hesab edirik ki, ölkənin rəhbərliyinin və xalqının
razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün İspaniyada və İraqda
nələrin baş verdiyini görürük. Nəhayət ki, beynəlxalq ictimaiyyət
separatizmlə bağlı məsələlərə daha çox diqqət ayırmağa başlayır. "Çünki
separatizm böyük təhlükədir. Hesab edirəm ki, ərazi bütövlüyü və öz
müqəddəratının təyin edilməsi arasında tarazlığı müəyyən etmək çox
asandır. Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, burada hər şey
aydın ifadə olunub. Ermənistan
isə hər iki prinsipin bərabər hüquqa malik olduğunu iddia edərək,
ictimai rəyi manipulyasiya etməyə çalışır. Öz müqəddəratının müəyyən
edilməsi ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağın gələcəyi məsələsinə gəldikdə isə bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə Dağlıq Qarabağda yaşamalıdırlar”, - deyə dövlətimizin başçısı bildirib.