"Azərbaycanda bütün azadlıqlar təmin
olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət
hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə
sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən
məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz
yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik"
Prezident İlham Əliyev bu fikirləri Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə söyləyib.
Azərbaycan Prezidenti
qeyd edib ki, daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam
təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm
surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın
iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və
onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb
etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin
mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir
məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl
baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə
bağlı niyyət və əməldən söhbət gedə bilməz.
"Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis zorakılığına
dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz,
çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis
zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və
zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri
səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə
olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma
obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən
salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan
dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız
bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq şübhəsiz ki,
insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.