Xəzər Xəbər

Məcburi köçkünlərə humanitar yardım verilib - FOTO

Gündəm | 16:56 • 4 Oktyabr 2017
Məcburi köçkünlərə humanitar yardım verilib -

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə məskunlaşan 80 şəhid, əlil və kimsəsiz məcburi köçkün ailəsinə Türkiyənin Qızıl Ay Cəmiyyəti tərəfindən humanitar yardım kimi göndərilmiş müxtəlif ərzaq məhsullarından ibarət yardımın paylanılması təşkil olunub.

Trend-in məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovun və Zəngilan Rayon İH-nin başçısı Ramiz Həsənovun da iştirakı etdiyi tədbirdə Türkiyə ilə Azərbaycanın dünya miqyasında bir-birinə ən yaxın dövlətlər olduğu, qardaşlıq və dostluq əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyi, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də dünyada böyük önəm daşıdığı, əlaqələrin gündən-günə daha da inkişaf etdiyi vurğulanıb.

Bir millət - iki dövlət kimi Türkiyənin daim Azərbaycanın, Azərbaycanın isə Türkiyənin yanında olduğunu deyən səfir bildirib ki, biz qardaş ölkə və xalq kimi bundan sonra da daim birlikdə olacağıq.

Türkiyənin Azərbaycana həmişə hərtərəfli dəstək verdiyini, xüsusilə torpaqlarımız işğal edilən zaman ölkəmizdəki qaçqın və məcburi köçkünlər üçün göndərilən humanitar yardımların o ağır günlər üçün olduqca mühüm önə kəsb etdiyini vurğulayan Zəngilan Rayon İH-nin başçısı Ramiz Həsənov bu mənəvi dəstəyə görə bütün məcburi köçkünlər adından səfirə və türk xalqına təşəkkürünü bildirib.

Qeyd olunub ki, göndərilmiş 325 bağlamadan ibarət bu humanitar yardımın yerdə qalanı Bakı şəhərinin müxtəlif ərazilərində məskunlaşmış əlil, şəhid və kimsəsiz ailələrə paylanılacaq.

Xəbər lenti