2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq.
Bunu
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə
Abbaszadə deyib. Qurum rəhbəri bildirib ki, imtahanlarda dəyişikliklərin
edilməsi 2019-cu ildə nəzərdə tutulub:
"Bu təbiidir. 2017-ci ildə də bu məsələ ilə bağlı ilk addım atılıb.
Bilirsiniz ki, 2009-cu ildən təhsil müəssisələrində kurikulum əsasında
tədris qurulub. Bu il buraxılış imtahanları 9-cu sinifdə iki mərhələdə
aparılıb. Buraxılış imtahanlarında tamamilə yeni növ qiymətləndirilmə,
ölçmə materialları istifadə olunub. Bu tipli alətlər indi hazırlanır.
Kurikulum əsasında tədris alan uşaqlar iki ildən sonra 11-ci sinifə
çatanda buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər nəzərdə
tutulub".
M.Abbaszadə qeyd edib ki, dəyişiklik barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.
İmtahan
fənlərinin sayının azaldılmasına da toxunan DİM rəhbəri deyib ki,
2019-cu ildə qəbul imtahanlarında isə hər qrup üzrə 3 fənn təqdim
olunacaq və yenə də 3 saat veriləcək:
"Bu prosesdə yalnız qapalı
testlər yox, yeni növ tapşırıqlar öz əksini tapacaq. Həmin tapşırıqların
cavabı göstərilməyəcək və abuturiyent cavabı özü tapacaq. Bu
tapşırıqların yoxlanılması da yeni üsullarla olacaq". (Trend)