Azərbaycan Respublikası
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)
ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində
icra olunan "Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı:
gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin
perspektivləri” mövzüsunda tədbir keçirəcək.
ANAMA-dan
XəzərXəbər-ə verilən məlumata görə, Azərbaycan-Gürcüstan
sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl
ərazisi 1955-1991-ci illər ərzində keçmiş sovet hərbi ordusunun sınaq və
təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Layihənin birinci
mərhələsi çərçivəsində 28 ay (aprel 2012 – iyul 2014) ərzində 64 kv.km
olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənib və 14,654 PHS və 173
tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib.
Layihənin ikinci
mərhələsinə 2014-cü il 8 iyul tarixindən start verilib və 24 ay
müddətində davam edən mərhələ çərçivəsində 23.584.545 kv.m ərazi
təmizlənib, 1,553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları
tapılaraq zərərsizləşdirilib. 22 kv.km ərazini əhatə edən üçüncü mərhələ
2017-ci ilin yanvar ayında başlayıb və 2018-ci il ərzində bitməsi
nəzərdə tutulub.
ANAMA-NATO/NSPA
Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl təmizləmə
layihəsi”nin üçüncü mərhələsi olan 21.395.505 kv.m ərazinin təmizlənməsi
NATO tərəfindən rəsmən təsdiq olunub. Türkiyə bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb. Azərbaycan
hökuməti bu vəziyyətlə dərindən maraqlanıb və bu layihənin ölkə üçün
əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında
maliyyə vəsaiti ayırıb.
Tədbirdə Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Ceyms Apaturay, NATO/NSPA-nın rəsmi nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, eləcə də Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.