Bu gün Bakıda Azərbaycan
İqtisadçılar İttifaqı və Azərbaycan Auditorlar Palatasının birgə
təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi:
hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq
elmi-praktik konfrans keçirilib.
XəzərXəbər xəbər verir ki, konfransda 15 ölkədən 65 qurumdan 150 nümayəndə iştirak edir. Konfransda çıxış edən Milli Məclisin
iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad
Səmədzadə son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan,
yenidənqurma və quruculuq işlərindən, hesabatlılıq və şəffaflıq
sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov Prezident İlham Əliyevin
tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və "Azərbaycan
iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq
problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın işə
başlanması müraciəti ilə təbrik edirəm.
Bu gün Azərbaycan
ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə davam edən və
irimiqyaslı layihələr icra edən ölkədir. Qlobal və regional səviyyədə
mövcud olan çətinliklərə, dünya bazarında neftin qiymətinin kəskin
şəkildə aşağı düşməsinə baxmayaraq, həyata keçirilmiş əsaslı islahatlar
nəticəsində Azərbaycan
iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanılıb. Bu inkişaf
tempinin davam etdirilməsində dövlət idarəetmə sisteminin ən mühüm
alətlərindən olan hesabatlıq və şəffaflığın gücləndirilməsinin böyük
əhəmiyyəti vardır. Təsadüfi deyil ki, Azərbaycan
iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin
müəyyənləşdirildiyi, milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələri sənədində bu sahəyə xüsusi
diqqət yetirilib və çoxsaylı tədbirlər müəyyən edilib.
Ölkəmizdə
maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin normativ-hüquqi
bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi bütövlükdə
maliyyə və vergi intizamının möhkəmləndirilməsi, maliyyə vəsaitlərinin
istifadə olunmasında hesabatlıq və şəffaflığın daha da artırılması üçün
böyük əhəmiyyət kəsb edir. Bu baxımdan iştirakçısı olduğunuz konfransa
iqtisadi inkişafın mühüm amili kimi şəffaflığın artırılması və
hesabatlığın beynəlxalq standartlar əsasında yüksək səviyyədə qurulması
ilə bağlı məsələlərin müzakirəsi təqdirəlayiqdir. İnanıram ki, konfrans
çərçivəsində aparılacaq müzakirə və təhlillər ölkəmizdə hesabatlığın və
auditin gələcək inkişafı kontekstində faydalı olacaq, iqtisadi inkişafın
müasir mərhələsində şəffaflığın təmin edilməsində, korrupsiyaya qarşı
mübarizədə dövlət və qeyri-dövlət nəzarətinin, müstəqil auditin rolunun
daha da artırılmasına töhfə verəcək, mütərəqqi dünya təcrübəsinin
öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradacaq. Konfransın işinə
uğurlar arzu edirəm”.
Baş prokurorun müavini, Baş prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev
isə deyib ki, hal-hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində çox mütərəqqi və müasir qanunvericilik bazası mövcuddur:
"Korrupsiyaya qarşı mübarizə sahəsində 2003-cü ildə bu günə qədər 3 dövlət proqramı qəbul edilib, hal-hazırda da Azərbaycanda
2015-2018-ci illəri əhatə edən "Açıq hökumətin təşviqinə dair” dövlət
proqramının strategiyası mövcuddur və bu strategiyanın həyata
keçirilməsi ilə məşğuluq. Prezident İlham Əliyevin
təşəbbüsü ilə 2012-ci ildə yaradılmış Vətəndaşlara Xidmət ə Sosial
İnnovasiyalar üzrə Dövlət Agentlinin ("ASAN xidmət") mərkəzlərinin
səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Mən əminliklə deyirəm ki, "ASAN Xidmət"in yaranmasından sonra və bu qurum Azərbaycanın
müxtəlif coğrafi ərazilərini və fəaliyyət sahələrini əhatə etdikdən
sonra həmin sahələrdə korrupsiya tam yoxa çıxıb və sıfıra enib. Biz bunu
gündəlik fəaliyyətdə də görürük. Əgər əvvəllər Baş Prokurorluğa bu və
ya digər xidmət sahəsi ilə bağlı şikayətlər daxil olurdusa, artıq bir
müddətdən sonra "ASAN xidmət" mərkəzlərinin əhatə etdiyi sahələrdə və
regionlarda bununla bağlı bizə heç bir məlumat daxil olmur”
Auditorlar
Palatasının sədri Vahid Novruzov isə deyib ki, dünya iqtisadiyyatında
baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə
edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb ki,
bunların da içərisində şəffaflığın yüksəldilməsi, bununla əlaqədar
hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsi müstəsna
əhəmiyyət daşıyır: "Bugünkü tədbir bu problemlərin həllində ölkəmizin
elmi-praktik potensialından bəhrələnmək məqsədi daşıyır”.
Tədbirdə 40-a yaxın məruzə və 100-dən artıq tezisin müzakirəsi nəzərdə tutulur. Konfrans çərçivəsində Azərbaycan
Auditorlar Palatası və Rusiya Auditorlar İttifaqı və Estoniya
Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair sənəd imzalanacaq.
Sentyabrın 23-də yekunlaşacaq tədbirin sonunda konfrans iştirakçıları
adından prezident İlham Əliyevə müraciət qəbul olunacaq.