"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi zamanın ruhuna uyğun tərtib olunub.
XəzərXəbər xəbər verir ki, bu fikri Prezident
Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin
müdiri Yusuf Məmmədəliyev dövlətimizin başçısının sentyabrın 15-də
imzaladığı Sərəncamla təsdiq olunan "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı AzərTac-a açıqlamasında deyib.
Y.Məmmədəliyev bildirib ki, Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun təşəbbüsü ilə Azərbaycan
gənclərinin forumlarının keçirilməsinə başlanılıb, dövlət gənclər
siyasətinin əsas çərçivələrini müəyyənləşdirən qanunverici aktlar qəbul
edilib. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ölkəmizdə dövlət gənclər siyasətinin daha planlı şəkildə həyata keçirilməsi məqsədilə "Azərbaycan gəncliyi” dövlət proqramı qəbul edilərək, 2005-2009-cu və 2011-2015-ci illərdə uğurla icra olunub.
"Ölkəmizin müasir inkişaf dinamikası Azərbaycan gəncliyinin tələblərini də artırır. Ötən dövrdə icra olunmuş proqramların nəticəsində Azərbaycan gənci inkişaf edib, müasirləşib, onun yeni tələbatları yaranıb. Məhz bu amilləri nəzərə alaraq dövlətimizin başçısı İlham Əliyev "Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi
haqqında Sərəncam imzalayıb. Bu Sərəncam dövlətin gənclərimizə olan
inamını ifadə etməklə, onların məsuliyyətini də artırır. Eyni zamanda,
qəbul edilmiş proqram, müxtəlif dövlət qurumları, nazirlik və komitələr
qarşısında konkret məqsədlər qoyur. Müvafiq dövlət qurumları proqramın
tam, vaxtında və yüksək səviyyədə icrası üçün çalışacaqlar”, - deyə Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.
"Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əhatə etdiyi zamanın
ruhuna uyğun tərtib edildiyini vurğulayan Y.Məmmədəliyev bildirib ki,
proqramda gənclərimizin milli köklərə söykənərək, müasir dünyanın bir
parçası olmalarını təmin etmək istəyi diqqəti cəlb edir. Təsadüfi deyil
ki, sənəddə ölkə gənclərinin müasir texnologiyalara yiyələnməsi,
beynəlxalq əlaqələrini gücləndirməsi təşviq olunur. Azərbaycan gənclərinin informasiya texnologiyaları sahəsinə, müxtəlif "start-up”lara
olan təbii marağını təmin etmək üçün proqramın icrası zamanı, dövrün
müasir təzahürlərinə xüsusi diqqət ayrılacağı gözləniləndir. Proqramın
icrasına dair tədbirlər planı ilə tanış olduqda görürük ki, burada Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
bu proqramdan irəli gələn tədbirlər planının icrası nəticəsində
gənclərimizi daha vətənpərvər, sağlam, yaradıcı, savadlı, işgüzar və
müasir dövrlə ayaqlaşan görmək istəyirlər.
"Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi dövrdə ölkə
gəncliyinin və müxtəlif dövlət qurumlarının fəaliyyəti üçün
istiqamətverici sənəd olacaq. Gənclərimizi onların inkişafına faydalı
olacaq bu proqramın qəbul olunması münasibətilə təbrik edirəm”, - deyə
Y.Məmmədəliyev vurğulayıb.