Xarici işlər naziri
Elmar Məmmədyarovun "Birtərəfli tədbirlərinin yayılması və tətbiqinin
beynəlxalq hüquq və bu tədbirlərə məruz qalan xalqların haqlarını
pozması” üzrə Qoşulmama Hərəkatının Nazirlər Görüşündə çıxış edib.
Xarici İşlər Nazirliyindən
XəzərXəbər-ə
verilən məlumata görə, Məmmədyarov BMT-dən sonra ikinci böyük dövlətlər
qrupu olan Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin
qorunub-saxlanılmasında və regional təhlükəsizlik, sosial və iqtisadi
inkişaf kimi məsələlər də daxil olmaqla, geniş məsələlər dairəsinin
müzakirəsində önəmli rol oynadığını deyib.
Nazir əlavə edib ki,
Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə ədalət və qanunun
aliliyinin sadiq müdafiəçisidir. Qoşulmama Hərəkatı beynəlxalq
problemlərin müzakirə edilməsində müxtəlif ideologiyaların təqdimatı
baxımından səmərəli və dinamik platformadır: "İnkişaf etməkdə olan
ölkələrə qarşı istifadə edilmiş birtərəfli məcburetmə tədbirləri
beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərarası münasibətlərin sülh
yolu ilə uzlaşdırılmasını təmin edən norma və prinsiplərə ziddir və
dövlətlər arasında dialoq və siyasi anlaşma ruhuna xələl gətirir. Bu,
beynəlxalq sülh və təhlükəsizliyin, eləcə də suveren dövlətlərin daxili
işlərinə qarışmama prinsipinin pozulmasını əks etdirir.
Birtərəfli
məcburetmə tədbirləri bu tədbirə məruz qalmış dövlətin əhalisinin
iqtisadi və sosial inkişafının qarşısını alır və insanların hüquqlarına,
ərzaq və səhiyyə xidmətləri, yaşayış yerinin təmin edilməsi və zəruri
sosial xidmətlər da daxil olmaqla, xüsusilə insanların sağlıq və rifahı
baxımından standart yaşayış hüquqlarına mənfi təsir göstərir”.
Nazirin
sözlərinə görə, "Dayanıqlı İnkişaf Gündəliyi-2030” sənədində əks
olunmuş davamlı inkişaf yolunun uğurla başladılması birtərəfli
məcburetmə tədbirləri tətbiq olunan dövlət üçün mümkünsüzdür. İqtisadi
və insan inkişafı baxımından birtərəfli məcburetmə tədbirləri Dövlətin
Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrası istiqamətində resursların
mərkəzləşdirilməsi qabiliyyətini məhdudlaşdırır və xələl gətirir: "Bunu
nəzərə alaraq,
Azərbaycan
Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etmişdir. Biz bu
seçkilərdə Qoşulmama Hərəkatından Beynəlxalq Sərgilər Bürosuna yeganə
namizəd olan
Azərbaycanın namizədliyinin Hərəkata üzv dövlətlər tərəfindən dəstəklənməsinə ümid edirik.
Bu baxımdan,
Azərbaycan
münaqişələri sülh yolu ilə nizamlanmasının təşviq edilməsi məqsədilə
dialoq platformasının əhəmiyyətini və bu xüsusda, münaqişə tərəfləri
arasında konstruktiv dialoqu dəstəkləyir.
İnanırıq ki, problemin həll
edilməsində əsas məsələ dövlətlərin xoş niyyəti və qarşılıqlı məqbul
güzəştlərin tapılmasına hazır olmasıdır”.
E. Məmmədyarov bildirib ki,
Azərbaycan
Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət ayırır.
Müstəqil xarici siyasət yürütməklə və heç bir hərbi alyansa üzv
olmamaqla,
Azərbaycan
beynəlxalq norma və prinsiplərin qorunmasında və milli və beynəlxalq
səviyyədə demokratikləşmə, insan hüquqlarına və sosial ədalət
prinsiplərinə hörmətin təkmilləşdirilməsi istiqamətində davamlı səylər
göstərir.
"Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinin güclü dəstəkləyicisi olaraq, Hərəkata üzv dövlətləri
Azərbaycana
Nazirlər Şurasının iclasında iştiraka dəvət etməkdən məmnunluq duyuram.
Biz iclasın keçirilməsi tarixi kimi 2018-ci ilin aprel ayını təklif
edirik və məsələ ilə bağlı müvafiq Nota üzv dövlətlər arasında yayılıb.
Ümid edirəm ki, sizin yekdil dəstəyinizlə gələn il xarici işlər
nazirləri səviyyəsində
Bakıda yenidən görüşəcəyik”, - deyə nazir çıxışını yekunlaşdırıb.