"Bu gün Azərbaycan
nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac
edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi –
"ASAN xidmət” ictimai münasibətlərin və xidmətlərin müasir modelidir”.
XəzərXəbər-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib.
Ölkə
rəhbəri bildirib ki, eyni yerdə 251 xidmətin göstərilməsi, tam
şəffaflıq, korrupsiya və rüşvətxorluğun sıfıra endirilməsi "ASAN
xidmət”i bir çox ölkələr üçün cəlbedici edib: "Sırf Azərbaycan
brendi olan "ASAN xidmət” yaradıldığı gündən ötən 5 il ərzində 5 milyon
insana 1 milyon 600 min xidmət göstərib. Müraciətlərin ümumi sayı 17
milyona çatıb. "ASAN xidmət”in ictimaiyyət tərəfindən bəyənilməsi 98
faiz təşkil edir.
2015-ci ildə dövlət xidmətlərinin əhəmiyyətli
dərəcədə sadələşdirilməsinə, təkmilləşməyə verdiyi töhfəsinə və yaradıcı
olmağına görə "ASAN” Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti
Mükafatına layiq görülmüşdür. Siyasətimizin əsas məqsədi
vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasıdır. 2004-cü
ildən etibarən ölkəmizdə əmək haqları 5,6 dəfə, pensiyalar 8,2 dəfə
artmışdır”.
Prezident bildirib ki, xarici maliyyə dəstəyi olmadan Azərbaycan erməni
işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100
yeni qəsəbə və şəhərcik salıb: "Bu günə qədər 250 mindən artıq insanın
həyat şəraiti yaxşılaşdırılıb, onlara yeni evlər və mənzillər verilib.
Həmin şəhərcik və qəsəbələrdə 152 məktəb, 59 tibb mərkəzi və 60 bağça
tikilmişdir.
Ümumilikdə, 2004-cü ildən başlayaraq 3000-dən artıq
məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir
edilmişdir. Azərbaycanda
savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq
insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən
maliyyələşən tibbi yoxlamadan keçir”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir.
"Bu gün Azərbaycan
öz beynəlxalq tərəfdaşları ilə birlikdə "Cənub Qaz Dəhlizi” layihəsinin
başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard
dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən
biridir. Digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir.
Son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmiş, 11 min kilometr müasir şosse və yollar çəkilmişdir. Xəzər dənizində Azərbaycanın 270 gəmidən ibarət ən iri ticarət donanması var. Azərbaycanda müasir gəmiqayırma zavodu bütün növ və ölçüdə gəmiləri tikməyə qadirdir. Azərbaycan özünün dəmir yol infrastrukturunu müasirləşdirir. Ərazimizin tam əksəriyyəti dəmir yolları ilə əhatə olunur.
Gələn il biz Xəzər regionunda ən iri beynəlxalq ticarət dəniz limanını istismara verəcəyik. Azərbaycan
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr
yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba
gedən ən qısa yollar olacaq.
Sonda bildirmək istərdim ki, ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanın
uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda,
ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan
xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli
maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə
yaşayırıq”.