Azərbaycan Prezidenti İlham Əliyev
Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
XəzərXəbər xəbər verir ki, Sərəncama əsasən Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Sərəncamda deyilir ki, Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Gədəbəy rayonunun
sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, sənaye
məhsulunun həcmi 103,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 68,5 dəfə,
o cümlədən tikinti quraşdırma işlərinin həcmi 71 dəfə artıb, filiz
emalı zavodu, mineral sular və limonad istehsalı zavodları, digər iri
istehsal və emal müəssisələri yaradılıb, Rayon Mərkəzi Xəstəxanası,
Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, "Aşıqlar evi”,
Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 2
yaşayış binası, Avtovağzal Kompleksi inşa edilib, müasir tələblərə cavab
verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, şəhərin su
təchizatı sistemi yenidən qurulub, avtomobil yolları çəkilib, körpülər
salınıb, geniş abadlıq-quruculuq işləri aparılıb.
Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir
şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair
tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Şəmkir şəhərində
qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə 54 mənzilli 1 yaşayış binasının
tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin
ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3 milyon manat
ayrılıb.