Xəzər Xəbər

İlham Əliyev Samuxda səfərdədir YENİLƏNDİ

Gündəm | 18:26 • 19 Avqust 2017
İlham Əliyev Samuxda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında, həmçinin rayonda görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfəri çərçivəsində Zazalı-"İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib.

Regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Zazalı-"İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

"Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 19 kilometrdən çox olan yol yerli şərait nəzərə alınmaqla birinci və üçüncü texniki dərəcələrə uyğun surətdə hissələrlə layihələndirilib. Hərəkət hissələrinin eni 7-14 metr arasında dəyişən yol 2 və 4 hərəkət zolaqlıdır. Tikinti işləri həyata keçirilərkən Gəncə çayı üzərində ikiaşırımlı körpü, 45 yerdə yol birləşmələri inşa olunub, 12 avtobus dayanacağı və 111 yol nişanı quraşdırılıb. Bu yolun tikilməsi Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək. Eyni zamanda, bu yol vasitəsilə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan, Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi kimi qorunan "İmamzadə” dini-mədəniyyət kompleksinə ziyarətçilərin rahat gediş-gəlişi təmin ediləcək.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib.

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Hazırda dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatları önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Strateji əhəmiyyətinə və kapital qoyuluşuna görə ən böyük layihələrdən biri - Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılıb.

Bu layihələrin icrası ilə ölkəmizdə minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaranıb. Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilib, həmçinin "Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib. Hazırda 690 milyon kubmetr su yığılan bu anbardan Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətləri çəkilir.

"Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, "Şəmkir çayı üzərində dəryaçanın tikintisi” kompleks layihəsinə daxil edilmiş və ötən əsrin 80-ci illərində tikilmiş Şəmkir maşın kanalının davamı olaraq, 2015-ci ildən uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsinin tikintisinə başlanılıb. Bu layihənin icrası sayəsində suvarma su mənbəyi işğal zonasında qalan Goranboy rayonunun 26 min hektardan çox torpaq sahəsini suvarma suyu ilə təmin etmək mümkün olacaq. Ötən il kanalın 8 kilometrdən çox hissəsinin tikintisi tamamlanıb və Goranboy, həmçinin Samux rayonlarında 8 min hektar sahəyə suvarma suyu çatdırılıb. Kanalın kəsişmə qurğusunun və onun qalan 19 kilometrlik hissəsinin tikintisinin tamamlanması ilə Goranboy rayonunun daha 18 min 584 hektar torpaq sahələrinə suvarma suyu çatdırılmaqla bu sahələrdə kənd təsərrüfatı məhsulları istehsalının inkişafına nail olunacaq. Hazırda kanalın 4,5 kilometrlik hissəsinin tikintisi üzrə tamamlama işləri davam etdirilir. Eyni zamanda, Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında yeni yaradılmış aqroparka məxsus 4700 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün hazırda boru kəmərinin və hovuzun tikintisi işləri aparılır.

Qeyd edildi ki, 1980-ci illərdə inşa olunmuş Şəmkir maşın kanalının birinci növbəsinin layihə üzrə tikinti işləri tamamlanmadığından və təbii amillərin təsirindən beton üzlüyü aşınmış və bəzi yerlərdə çökmələr baş vermişdi. Kür çayı üzərindəki Şəmkir su anbarından kanala əlavə su verilməsi və bu sulardan səmərəli istifadə edilməsi məqsədilə kanalın bu hissəsinin təmir-bərpasına ehtiyac var. Ümumiyyətlə, layihənin tam başa çatdırılması ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 27 min hektarı yeni suvarılan torpaqlar olmaqla 94 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq.

Prezident İlham Əliyev kanalın istismara verilməsini bildirən düyməni basdı.

***

Prezident İlham Əliyev Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib.

"Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və körpü tikilib, 16 yerdə avtobus dayanacağı quraşdırılıb.

Qeyd edildi ki, 23 min nəfər əhalinin yaşadığı və 10 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilib.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda körpələr evi-uşaq bağçası inşa edilib.

Avqustun 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ikimərtəbəli binanın sahəsi 1135 kvadratmetrdir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, idman zalında və yeməkxanada da yüksək şərait yaradılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacaların istirahəti üçün meydançalar salınıb, attraksionlar quraşdırılıb.

Bütün bunlar göstərir ki, Heydər Əliyev Fondunun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.


Xəbər lenti