Bakı Şəhər Baş Polis İdarəsi Dövlət
Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdiyi reyd zamanı kobud
qayda pozuntusuna yol verən 350-dən artıq sürücü cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə
etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan "Mersedes” markalı
avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq nəqliyyat
vasitəsini qoyaraq qaçmağa üstünlük verib. Avtomobildə olan sürücünün
qohumu isə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına daş
parçası ilə hücum etməkdən belə çəkinməyib.
Qeyd edək ki, sərxoş sürücünün idarə etdiyi avtomobildə sərnişin
qismində azyaşlı uşaqlar da olub. Bu isə onu deməyə əsas verir ki, yol
polisi həmin sürücünü vaxtında müəyyən edib yol hərəkətindən
kənarlaşdırmaqla bu ailəni böyük bir faciədən xilas edib. Çünki, sükan
arxasına spirtli içki qəbul edərək əyləşən sürücünün qəza törətmək riski
artır. Reyd zamanı digər bir sərxoş sürücü Nizami rayonu ərazisində
saxlanılıb. "Lexsus” markalı bu avtomobilin sahibi içkili vəziyyətdə
avtomobil idarə etdiyi üçün sürücü barəsində müvafiq protokol tərtib
edilib.
Reyd zamanı polisin qanuni saxlama əmrinə tabe olmayaraq avtoxuliqanlıq
hərəkətləri edən sürücülər də müəyyən edilib. Belə sürücülərdən biri
Xətai rayonu ərazisində polisə tabe olmayaraq idarə etdiyi "Daewoo”
markalı avtomobillə qaçmağa cəhd etsə də görülən tədbirlər nəticəsində o
saxlanılıb. Araşdırma zamanı sürücü Minar Qəhrəmanovun avtomobili
spirtli içki qəbul edərək idarə etdiyi məlum olub. Sürücü sərxoşluq
dərəcəsinin müəyyən edilməsi üçün tibb məntəqəsinə aparılsa da, o
müayinə olunmaqdan da imtina edib.
Qeyd edək ki, əgər sürücü sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün
tibbi müayinədən keçməkdən imtina edirsə bu birbaşa olaraq onun içkili
vəziyyətdə sükan arxasında əyləşdiyinin sübut edir və onun barəsində
protokol tərtib edilir. Reyd zamanı sutkanın qaranlıq vaxtında
motosikletlərə əlavə səsgücləndirici vasitələr quraşdıraraq insanların
istirahətinə maneçilik törədən sürücülər də saxlanılıb. Belə motosiklet
sürücülərindən biri Nadir Rzayev saxlanılan zaman onun nəqliyyat
vasitəsinin dövlət qeydiyyat nişanına müdaxilə edərək kustar üsulla
düzəltdirdiyi məlum olub.
Reyd zamanı barələrində elektron qaydada tərtib edilən cərimələri
ödəməyən sürücülər də müəyyən edilərək barələrində müvafiq tədbir
görülüb.