Boliviyanın xarici işlər naziri
Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfəri çərçivəsində
Azərbaycanın Baş naziri Artur Rasi-zadə tərəfindən qəbul edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin və Nazirlər Kabinetindən
XəzərXəbər-ə daxil olan birgə məlumata görə, görüşdə F.U.Mamani Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Ayma tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə
ünvanlanmış, 20-24 noyabr 2017-ci il tarixində Boliviyada keçiriləcək
Qaz İxrac Edən Dövlətlərin Forumunun IV Qaz Sammitində iştiraka dəvət
məktubunu təqdim edib.
Nazir Fəxri xiyabanı ziyarət edərək, ümummilli lider Heydər Əliyevin
məzarının önünə əklil qoyub. Həmçinin Şəhidlər xiyabanını ziyarət edən
F.U.Mamani şəhidlərimizin xatirəsini ehtiramla anaraq, "Əbədi məşəl”
abidəsinin önünə əklil qoyub. Səfər çərçivəsində xarici işlər nazirləri
Elmar Məmmədyarov və F.U.Mamani arasında təkbətək və geniş tərkibli
görüş keçirilib.
Nazirlər Azərbaycan və Boliviya arasında dostluq əlaqələrinin və
əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin
əhəmiyyətini qeyd ediblər və bu xüsusda Boliviyanın xarici işlər
nazirinin Azərbaycana ilk rəsmi səfərinin önəmini vurğulayıblar. Görüşdə
nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçirib
və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi,
təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu
bildiriblər. Humanitar sahədə tələbə və elm adamlarının mübadiləsi
xüsusilə qeyd edilib.
Nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının
2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT-nin İnsan Hüquqları
Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın
namizədliyinin dəstəklənməsini qeyd ediblər və qarşılıqlı təşəkkür ifadə
ediblər. Nazirlər həmçinin, iki ölkə arasında Qoşulmamaq Hərəkatı
çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu xatırladıb və Azərbaycanın
Qoşulmama Hərəkatı Dövlətlərinin dövlət və ya hökumət başçılarının XIII
Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik
etməsinin Qoşulmama Hərəkatının xoşniyyətli məqsəd və məramlarının
təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.
Nazirlər Azərbaycan və Boliuviyanın bir-birilərinin siyasi müstəqilliyi,
ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha
bəyan ediblər. Həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin
yolverilməz olduğunu qeyd edib, aqressiv separatizm və terrorizmin bütün
forma və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırıblar.
Görüşdə, həmçinin XİN rəhbərləri iki ölkə arasında müqavilə-hüquq
bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıb və
parlamentlərarası əməkdaşlığın təşviqinə dair razılığa gəliblər.
Nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli
Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara
malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i
imzalayıblar.