Son günlər Ermənistan Müdafiə
Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında
daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri
barədə məlumatlı göstərməyə çalışır. Əslində isə nümayiş etdirilən
"məxfi məlumatlarla dolu məktublar” o dərəcədə bisavad və səriştəsiz
hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç bir şübhə
doğurmur. Bütün bunlar erməni
xüsusi xidmət orqanları və "əks-təbliğat mütəxəssisləri” tərəfindən
qeyri-peşəkar səviyyədə, tələm-tələsik uydurularaq, səliqəsiz
düzülüb-qoşulmuş kağız parçasıdır.
Son yayılan məktubdakı saxtakarlıq və səhvlər isə daha tez diqqəti cəlb
edir. Qeyd edək ki, Baş Qərargah rəisi müntəzəm olaraq Ordudakı vəziyyət
haqqında Müdafiə nazirinə şifahi məruzələr etdiyindən xidməti
məsələlərlə bağlı Ermənistan mətbuatının təqdim etdiyi formada yazılı
müraciətlərə zərurət qalmır. Çoxlu qrammatik səhvlər və yazılış
üslubundakı uyğunsuzluqlarla (məktubda 20-dək səhv var) hazırlanmış bu
məktubun Müdafiə Nazirliyində mövcud olan daxili yazışmalara və
kargüzarlığa azacıq da olsa uyğunluğu yoxdur. İstər mövcud olmayan
simvolikalı rəsmi blank, istərsə də orada olan imzalar saxtalaşdırılıb,
həmin sənədlərdə göstərilən tarixlər, rəqəmlər, yer və adlar da tamamilə
uydurmadır.
Məktubda göstərilən məqamlardan biri də 2016-cı ilin aprel
döyüşlərindəki itkilər barədə məlumatların ağlasığmaz dərəcədə
şişirdilməsi və bilərəkdən qat-qat çox göstərilməsidir. Bütün ölkə
mətbuatı və ictimaiyyət həmin dövrdə şəhidlərin dəfn mərasimlərində
iştirak edib, hər kəs bu proseslərin nə qədər yüksək səviyyədə və
təntənəli təşkil olunduğunu izləyib, Ali Baş Komandanın Ordumuza yüksək
qiymət verməsinin və qəhrəmanlarımızın mükafatlandırmasının şahidi olub.
Odur ki, üstündən bu qədər vaxt keçdikdən sonra Ermənistan mətbuatının
guya itkilərin gizlədilməsi barədə məlumatlar tirajlaması blefdən başqa
bir şey deyil və heç bir etik normalara sığmır. Texniki tərəqqinin
hazırkı inkişaf mərhələsində itkilərin əhalidən gizlədilməsi də
qeyri-mümkündür. Aprel döyüşləri zamanı itkilərin sayı barədə göstərilən
rəqəmlər əslində Ermənistanın öz itkilərinin sayıdır və onlar hələ də
ictimaiyyətə bu barədə düzgün məlumat verməyiblər.
Aprel döyüşlərindən sonra özünə gəlməyən, Ermənistan rəhbərliyi
bilərəkdən Azərbaycan tərəfinin itkilərini qat-qat artıraraq verməklə
Ermənistan əhalisinin fikrini yayındırmağa çalışır. Nədənsə uğurlu
əks-hücum əməliyyatı keçirərək sarsıdıcı zərbələr endirən Azərbaycan
Ordusunun 2000 hektaradək ərazini işğaldan azad etdiyini unudurlar.
Aprel döyüşləri zamanı atəşkəsin
elan edilməsinin səbəbi isə qarşı tərəfin iddia etdiyinin əksinə
olaraq, Azərbaycan Ordusunun uğurla irəliləməsindən vahiməyə düşən
Ermənistan rəhbərliyinin yalvarıcı, aşağılayıcı və təkidli xahişi
nəticəsində üçüncü tərəfin vəsitəçiliyi ilə mümkün olmuşdur. Azərbaycan
tərəfinin belə bir görüşə və addıma razılaşmasının yeganə səbəbi əlavə
qan tökülməsinə son qoyulması olub.
Düşmən tərəfinin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında
işğalçı Ermənistan ordusundakı neqativ hallar barədə yayılan faktlara
cavab olaraq ermənisayağı atılmış növbəti uğursuz bir addımdır. Özünü
təmizə çıxarmaq məqsədi daşıyan cinayətkar hərbi-siyasi rejim rəhbərliyi
bu xəbərlərlə Ermənistan ordusundakı acınacaqlı vəziyyət səbəbindən
hərbi qulluqçular arasında artan intihar, nizamnamədən kənar
münasibətlər və digər cinayət əməllərindən əhalinin fikrini yayındırmağa
çalışır.
Cəbhədəki döyüşdə uğur qazana bilməyən Ermənistan bu gün mətbuat,
virtual məkan və kağız üzərində savaş açmaqla, hətta Azərbaycan
Ordusunda heç zaman xidmət etməyən, sosial şəbəkələrdə saxta İP ilə
qeydiyyatdan keçərək və azərbaycanlı bloqer adı altında "döyüşərək”
qismən də olsa uğursuzluqlarının əvəzini çıxmağa çalışır.
Müdafiə Nazirliyi bildirir ki, yayılan məlumatlar və sənədlər tamamən
saxtadır, uydurmadır, Azərbaycan mətbuatı tərəfindən yayılması, sosial
şəbəkələrdə müzakirəsi qətiyyən yolverilməzdir. Yayılan dezinformasiya
xarakterli məlumatlar düşmən maraqlarına xidmət etdiyindən bu kimi
təbliğata uymamağa çağırırıq.