İyulun 31-də Sumqayıt şəhərində
quduz itin başından dişlədiyi 5 yaşlı Zeynəb Mikayılzadə ötən gün
dünyasını dəyişib. Həmin gün uşağa vaksin vurulsa da, onun həyatını
xilas etmək mümkün olmayıb. Azyaşlı qızın yaxınları Zeynəbin ölümündə
həkimləri ittiham edirlər. İddia edilir ki, vurulan vaksinlər
keyfiyyəsiz olub.
Ölkənin baş pediatrı Nəsib Quliyev
AzVision.az-a bildirib ki, quduz heyvanın insanın baş və ayağından dişləməsi vaksinin təsirli olub-olmamasında mühüm rol oynayır.
Onun sözlərinə görə, vaksin o zaman effektli olur ki, quduz itin
dişlədiyi yer baş-beyin nahiyəsindən, mərkəzi sinir sistemindən uzaq
olsun.
"Məsafə yaxın olanda vaksin onu qoruyub saxlaya bilmir, effekt vermir.
Belə hallar mümkündür. Quduzluq əleyhinə vaksin var və istifadə olunur”.
Sumqayıt şəhər səhiyyənin şöbəsinin müdiri Nəriman Baxşəliyev isə qeyd
edib ki, quduz heyvanın insanın baş nahiyyəsindən dişləmə yeri geniş
ərazidə olursa, dəri, başın tüklü hissəsi çox zədələnirsə, travmanın
sahəsi geniş olursa, virusun inkişafı sürətli olur.
"Ona görə də inkibasiya dövrü 2 saatdan 20 günə qədər ola bilər, hətta
40 ilə qədər davam edə bilər. İtin həmin 5 yaşlı uşağın baş
nahiyyəsindən dişləməsindən əlavə onun immuniteti də zəif olub. Onda
hemoqlabin 70 qram/litr olub. Uşaq zəif olduğu üçün virus sürətlə
yayılıb və vurulan vaksinlər kömək etməyib”.
N.Baxşəliyev bildirib ki, 5 yaşlı Zeynəbi quduzluğa yoluxduran itin həmin gün dişlədiyi 10 nəfərdən ikisi uşaq olub.