Daxili işlər naziri,
general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında DİN-in Baş
İdarə, İdarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik
rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra
baxışını keçirib.
DİN-in mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, aidiyyəti baş idarə, idarə və xidmət rəislərinin
də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin
zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və
dünyagörüşü ilə maraqlanıb. Ümumən, 303 iddiaçının arasından daha
hazırlıqlı olan 266 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul
olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar
verilib.
Namizədlər qarşısında çıxış edən nazir son illər daxili işlər
orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri
əsasında gerçəkləşdiyini vurğulayıb.
Qeyd olunub ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması,
gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN
rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə
saxlanılan məsələlərdəndir.
Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək polis adını daim
uca tutmalarını, bilik və bacarıqlarını, təcrübələrini daim
artırmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab
vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini
praktikada fəal şəkildə tətbiq etmələrini, insan və vətəndaş hüquq və
azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin
vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını
tövsiyə edib, gələcək çətin və şərəfli fəaliyyətlərində onlara uğurlar
arzulayıb.