Azərbaycan xarici işlər naziri Elmar
Məmmədyarov Bakıda keçirilən 41-ci Ümumdünya Skaut Konfransında iştirak
etmək üçün ölkəmizdə səfərdə olan BMT-nin sabiq baş katibi Pan Gi Munla
görüşüb.
XİN-in mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, görüşdə Azərbaycanla
Koreya Respublikası arasında münasibətlərin hazırkı səviyyəsindən
məmnunluq ifadə edildi, iki ölkə arasında gündəlikdə olan məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Nazir E. Məmmədyarov Pan Gi Munun ölkəmizə səfərini yüksək
qiymətləndirib və belə görüşlərin ikitərəfli münasibətlərə əhəmiyyətli
töhfə verdiyini bildirib. Nazir Pan Gi Munun BMT baş katibi kimi
fəaliyyəti dövründə ölkəmizlə təşkilat arasında əməkdaşlığın inkişaf
etdirilməsində oynadığı rolu təqdir edib.
Görüşdə bu il Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin
qurulmasının 25 illiyinin qeyd edildiyi və bu məqsədlə hər iki ölkədə
müxtəlif tədbirlərin keçirildiyi vurğulanıb.
Pan Gi Mun iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük
potensialın olduğunu, bu xüsusda neft, qaz, nəqliyyat, yüksək
texnologiyalar və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və
birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini qeyd edib.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həllində cari vəziyyətlə maraqlanıb. Nazir Elmar
Məmmədyarov danışıqlar prosesinin hazırkı durumu və statusu barəsində
qonağı məlumatlandırıb və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində
də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə
uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq
səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu
diqqətə çatdırıb. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid
olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın
işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. Nazir
Koreya hökumətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini
dəstəklədiyinə görə təşəkkür edib.
Pan Gi Mun 41-ci Ümumdünya Skaut Konfransının təşkilinə görə Azərbaycan
tərəfinə təşəkkür edib və belə tədbirlərin dünyada gənclər arasında
ideya və ünsiyyət mübadiləsinin həyata keçirilməsinə töhfə verdiyini
qeyd edib.
Görüşdə Koreya yarımadasındakı vəziyyət, dünyadakı münaqişələrin
həllində BMT-nin rolunun artırılması kimi məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.